Moskvada Qarabağ mövzusunda sərgi keçirilib - VİDEO

19 Fevral 2014 19:04 (UTC+04:00)
Rusiya Dövlət Kitabxanasında keçirilən sərginin açılış mərasimində Rusiyalı sənətsevərlər və Azərbaycan diasporunun təmsilciləri iştirak edirdi.

Moskvada yaşayan və əslən Qarabağlı olan Əsgər Məmmədovun "Sevgi sirləri" adlı bu sərgisində Qarabağ mövzusu ön plandaydı. Qarabağ mənzərələri və Xocalı faciəsini canlandıran əsərlər tamaşaçıları çox təsirləndirdi.

Moskva sakini Qalina Kuzmina: "Xocalıda belə bir faciə olduğunu mən bu gün bu sərgidə öyrənmiş oldum. İnanın tüklərim biz biz oldu. Həqiqətən insanı dəhşətə gətirən bir mənzərədir. Bu rəsmdə yardım üçün əllərini açan insanlar, çiçəklər, göz yaşları mənə çox təsir etdi".

Sərgidə azərbaycanlıların adət və ənənələrini, məişətini əks etdirən əsərlərə də geniş yer verilmişdi.

Rəssam, Əsgər Məmmədov: "Fevral ayı xalgımız üçün, eləcə də mənim üçün çox faciəli bir aydır. Bu ayda Xocalı qırğını baş verib. Mən bu qırğında şəhid olanların yaxınlarına həmişə əl tutmuşam. Ancaq bununla birlikdə yenə də bir rəssam kimi bu hadisəni əsərlərimdə əks etdirməyə bilməzdim".

Əsgər Məmmədovun Azərbaycan və Rusiya ilə yanaşı, Kipr, Türkiyə, İspaniya və Almaniyada da bu movzuda sərgiləri keçirilib.(ANS TV)