İmdad Komitəsi fəaliyyətini dayandırdı - Video

19 Fevral 2014 21:28 (UTC+04:00)
İranın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini müvəqqəti dayandırdı.

1993-cü ildən ölkəmizdə fəaliyyətə başlayan ilk xeyriyyə komitəsi, 20 il ərzində müxtəlif xidmətlər üçün 45 milyon dollar pul ayırıb. Bu illər ərzində kiçik biznesin yaradılması üçün isə Komitənin büdcəsindən 2 milyon dollar həcmində faizsiz kreditlər verilib. "İmam Xomeyni İmdad Komitəsi"nin Azərbaycandakı nümayəndəliyinin hazırkı rəhbəri Mahmud Seyyidi komitənin səhiyyə sahəsində də aktiv fəaliyyət göstərdiyini vurğuladı. Bu illər ərzində 500 min insan qurumun tibbi klinikasına müraciət edərək müayinədən keçib. Prezident İlham Əliyevin də komitənin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən qurum rəhbəri işlərində bəzi nöqsanlara yol verdiyini də etiraf etdi.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə əsas məqsədi tək İranda deyil, digər ölkələrdə də yoxsullara kömək etməkdən ibarət olan bu komitənin ölkəmizdə fəaliyyətə başlamasının da məhz 90-cı illərin əvvəlində Ermənistanla müharibə dövrünə təsadüf etməsini zərurətdən irəli gəldiyini deyir.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin: "Bununla bağlı Komitənin o vaxtkı sədri Azərbaycana səfər edərək, prezident Heydər Əliyevlə görüşüb və ölkəmizdə Komitənin nümayəndəliyinin açılmasına qərar verilib. Komitənin etdiyi təmənnasız kömək İranla Azərbaycan arasında qardaş və dost əlaqələrin inkişafına, onların strateji səviyyəyə çıxmasına yardım edib".

İki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirən baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərən humanitar təşkilatların sayının getdikcə azaldığını vurğuladı. Ölkəmizin hazırda bu sahədə işlərin çoxunu öz üzərinə götürdüyünü nəzərə aldıqda isə bu təbiidir.

Baş Nazirin müavini, Əli Həsənov: "Azərbaycanda "İmam Xomeyni İmdad Komitəsi"nin uzunmüddətli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad olunandan sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq".

Sonda tədbir iştirakçıları bir birinə xatirə hədiyyəsi təqdim etdilər. (ANS)