Facebook WhatsApp-ı aldı- 16 milyard dollara

20 Fevral 2014 08:33 (UTC+04:00)
Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook ən populyar ani mesajlar proqramı (messencer) sayılan WhatsApp-ı satın alıb.


Mark Sukerberqin şəbəkəsi messencer servisi üçün 16 milyard dollar ödəyəcək.

Milli.az bildirir ki, WhatsApp-ın sahibləri bu məbləğin 4 milyard dollarını nağd pulla, yerdə qalan məbləği isə Facebook-un səhmləri formasında alacaqlar. Bu isə Facebook-un "A" tipli 183 865 778 səhmi deməkdir.

Eyni zamanda, anlaşma messencerin sahibləri və əməkdaşları üçün 3 milyard dollarlıq opsionu nəzərdə tutur.

2009-cu ildə yaradılmış WhatsApp son illərdə internetdə ən sürətlə və dinamik inkişaf edən layihələrdən biridir. Özünü SMS-in alternativi elan etmiş servisin hazırda 450 milyon aktiv istifadəçisi var və onların 70 faizi messencer vasitəsilə hər gün aktiv təmasda olur.

Hər gün WhatsApp-ı öz telefonlarına təxminən 1 milyon insan yükləyir.

"Bizim missiyamız WhatsApp-ın prinsipləri ilə üst-üstə düşür. Məqsədimiz onlayn kommunikasiyaları mümkün qədər sadə və rahat etməkdir. Anlaşma nəticəsindəki sinerji hər iki servisə auditoriyanı daha sürətlə genişləndirərək istifadəçilərin sayını artırmağa imkan verməlidir", - Facebook-un sahi Mark Sukerberq deyib.

WhatsApp-ın təsisçilərindən biri və baş direktoru Yan Koum da sövdələşməni uğurlu adlandırıb.

Facebook sövdələşmədən sonra WhatsApp brendini sazlayacaq, servisin əməkdaşları Kaliforniyanın Mauntin-Vyu şəhərindəki ofisdə çalışmağa davam edəcəklər.

Bununla yanaşı, Facebook öz mobil messenceri olan Facebook Messenger-in inkişafını dayandırmaq niyyətində deyil.

AzNews.az