Veteranlar adından İlham Əliyevə müraciət olundu- FOTOLAR

20 Fevral 2014 09:05 (UTC+04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!" devizi altında təntənəli mərasim keçirilib.

AzərTAc-a xəbər verir ki, tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və "Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, güc strukturlarının, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində bir qrup veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı"nın təqdim edilməsi mərasimi keçirilib. Medalları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşev və Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov təqdim ediblər.

Mərasimdə Əli Həsənov çıxış edərək deyib: "Əfqanıstan veteranları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün qayğı ilə əhatə olunmuş və bundan sonra da əhatə olunacaqlar. Siz burada görülmüş işlərdən danışdınız. Bunları təkrarlamayacağam. Siz Əfqanıstanda öz hərbi borcunuzu, hərbi andınızı, dövlət qarşısındakı vəzifənizi şərəflə və qəhrəmanlıqla yerinə yetirmisiniz. Bu şərəfli fəaliyyətinizə görə sizə yalnız sağ ol düşür. Sizin heç kimin qarşısında özünüzə bəraət qazandırmağa, kiməsə nəyisə inandırmağa heç bir ehtiyacınız yoxdur. Azərbaycan dövləti Əfqanıstanda fəaliyyətiniz başa çatdıqdan sonra sizin xidmətlərinizdən istifadə edib və bu gün də istifadə etməkdədir. Burada qeyd olundu ki, siz Əfqanıstan müharibəsi bitəndən sonra Azərbaycan Milli Ordusunun yaranması və formalaşması, Azərbaycan torpaqlarının işğalçı Ermənistan qoşunlarından azad edilməsi istiqamətində sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdirmisiniz. Yeddi Milli Qəhrəmanın, 37 nəfərin "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmasının nə demək olduğunu siz yaxşı bilirsiniz".

Prezident Administrasiyasının şöbə müdiri çıxışına davam edərək bildirib: "Əminəm ki, Əfqanıstan müharibəsinin veteranları - əsgəri borcunu şərəflə yerinə yetirmiş 9 min Azərbaycan vətəndaşı bu gün ölkəmizin fəxr etdiyi insanlardır və biz onların fəaliyyətindən qürur duyuruq. Azərbaycan dövləti sizin qayğınıza qalır və bu qayğını daim çəkəcəkdir. Siz Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinə layiqli töhfələr vermisiniz. Fürsətdən istifadə edib bugünkü tədbirin təşkilatçılarına və iştirakçılarına, hörmətli qonağımız, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın "Dostluq" ordeninə layiq görülmüş Ruslan Auşevə təşəkkür edir və bir daha Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm".

Sonda Azərbaycan Əfqanıstan müharibəsi veteranları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə müraciət qəbul olunub.

AzNews.az