Bayıl yamacı nəzarətə götürülüb

23 Avqust 2012 12:00 (UTC+04:00)
Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin Bayıl yamacı ilə hərəkəti nəticəsində hələlik ərazidəki sürüşmə zonalarında aktivlik müşahidə olunmur. Səbail Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin ərazidə apardığı müşahidələr bunu söyləməyə əsas verir: "Ərazidə bir neçə yerdə Fövqəladə Hallar Nazirliyinin postları qurulub. Mayaklar vasitəsilə gün ərzində bir neşə dəfə müşahidələr aparılaraq hesabat hazırlanır. Müşahidələr göstərir ki, nəqliyyat vasitələrinin intensiv hərəkəti sürüşmə təhlükəsi yaratmayıb".

Ərazidə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağaclar əkilərək onlara qulluq həyata keçirilir ki, bu da torpağı bərkitmək məqsədi daşıyır: "Ərazidə ağır tonajlı maşınların hərəkəti və tikinti işlərinin aparılması qadağan edilib. Beləliklə də sürüşmə zonası tam nəzarətdədir".

Qeyd edək ki, sözügedən ərazidə baş verən sürüşmə nəticəsində 149 ev köçürülüb, 150 evlə bağlı məsələ isə hələ həll olunmayib. Bu evlərin köçürülməsi Nazirlər Kabineti tərəfindən kompensasiya ödənilməsi məsələsinin həllindən sonra mümkün olacaq.

Kəmalə
AzNews.az