Keçmiş direktorun evini yandırdılar– Saxta diplom qalmaqalı

20 Fevral 2014 10:04 (UTC+04:00)
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evini yandırıblar.


Qazax rayon polis şöbəsinin rəis müavini Firuz Babayevin AzNews.az-a verdiyi məlumata görə, yanğın səhər saat 10:00 radələrində baş verib. Onun sözlərinə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax bölməsinin əməkdaşları hadisə yerindədirlər.

Hazırda yanğının söndürülməsi üçün 6 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. F.Babayev əlavə edib ki, yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. Onun sözlərinə görə, yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan da olmayıb.

Yerli sakinlərdən AzNews.az-a verilən məlumata görə, İsa Veysovun evini yandırılmasına bir neçə dəfə cəhd olub. Bunun səbəbi isə keçmiş direktorun saxta diplomlar paylaması olub. Diplomların saxta olması müəyyən edildikdən sonra tələbələr və onların valideynləri onun evini odlamağa bir neçə dəfə cəhd ediblər.

Məlumata görə, ayrı-ayrı rayonlardan dəfələrlə o evə hücum edilib. Bir həftə əvvəl Biləsuvar rayonundan bir qrup adam gəlib evi yandırmağa cəhd edib. Sakinlərin sözlərinə görə, bugünkü yanğını isə Gədəbəydən gələn bir neçə zərərçəkən törədib.

Qeyd edək ki, keçmiş direktorun evinin yandırılması barədə ilk məlumatı Savash.org saytı yayıb.

Amid
AzNews.az