Ömür yolu

20 Fevral 2014 11:12 (UTC+04:00)
Ayrı-ayrı insanlara dəyər verərkən bu dəyəri verəcək insanın özünün mənsub olduğu peşənin mühüm əhəmiyyəti var. Məsələn, bioloqlar insana bioloji varlıq, sosioloqlar sosioloji obyekt, riyaziyyatçılar isə çoxməchullu tənlik kimi baxırlar.

Tarixçilər isə insana qiymət və dəyər verərkən birinci növbədə onun doğulduğu məkana, böyüdüyü torpağa, keçdiyi həyat yoluna nəzər salırlar. Torpaq, Yer kürəsinin ən qiymətli ünsürü, ən ecazkar maddəsidir. Hava, su, işıq onunla vəhdətdədir. Peyğəmbərimiz (s) "İnsanlar Adəm oğullarıdır, yəni Adəmdən törəmişdir deyə buyurur".

İlahi kitablara görə Adəm isə torpaqdan yaradılmışdır. Qurani-Kərimdə Adəm (ə) peyğəmbərin yaradılışı ilə bağlı ayələri oxuduqca bütün insanların yaradılışında maddi planda ilk mərhələnin torpaq olduğunu görürük.

Haqqında danışmaq istədiyim şəxs Azərbaycanın, eləcə də Türk dünyasının yetərincə tanınmış ziyalısı İsmayıl Ömərov Türkün ilk Yurd saldığı bölgələrdən birində, adında Türkün tapınaq obyekti olan Börünü (Qurdun) yaşadan - Ulu Borçalımızın Kəpənəkçi kəndində, aşıqlarının mərdliyindən və qonaqpərvərliyindən söz açdıqları "Omaroğlu Abbas" kişinin ocağında dünyaya göz açdı. Yurd darda olanda Borçalıdan Mərvə gedərək Şah Babamıza həqarət etdiyinə görə, Şeybani xanın başını kəsib Ulu Şahın ayaqları altına atan Əziz ağa Borçalının elində...

Hər daşında, cığırında Ulularımızın izləri qalan Borçalımızda... Meşələrində Oğuzlar uyuyan, əməlləri dillərdə əfsanə olan Emin ağanın doğulduğu Kəpənəkçi kəndində... Beləcə balaca İsmayılın yaddaşına neçə illər keçdikdən sonra televiziyada ən maraqlı verilişlərdən olan "Bir kəndin nağılı" yarandı.

Beşiyi başında saz çalınsa da İsmayıl müəllim Milli Vəhdəti sazla "Muğamat olan yerdə ..." gördü. Və "Səhərə inan"araq 1971-ci ildə Kəpənəkçi orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. 1976-cı ildə ali təhsilini başa vuran İsmayıl Ömərov təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başladı. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktor vəzifəsində çalışan İsmayıl müəllim baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçdi.

Keçən əsrin 90-cı illərinin əvvəllərində başlayan Milli Azadlıq mücadiləsinə İsmayıl müəllim populist çıxışları ilə deyil, real yaradıcılığı ilə qoşuldu. O öz qələmi ilə "Blokada"nı yarmaq, "Əsrin faciəsi"ni, "Qanlı yanvar"ı dünyaya çatdırmaq, "Qarabağ düyünü"nü çözmək üçün əlindən gələni etdi. Onun xidmətləri Millətimiz və Dövlətimiz tərəfindən yetərnicə dəyərləndirildi. İsmayıl müəllim "Qızıl qələm" və "Araz" mükafatlarına, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görüldü.

İsmayıl Ömərov 2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə yenicə yaradılmış İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçildi. Qısa bir müddət ərzində müstəqil Azərbaycanımızda media sahəsində mühüm uğurlar qazanıldı. Nahaq yerə deyilməyib: "Ziyalı məmur olmaya bilər, ancaq məmur mütləq ziyalı olmalıdır". O dövrdə ölkəmizdə ənənəvi televiziyaçılığından fərqli, müxtəlif düşüncələrə imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını uzlaşdıran yeni televiziyanı qurmaq o qədər də asan məsələ deyildi.

İ.Ömərov bu işin öhdəsindən bacarıqla gəldi. Ekran, efir üzü görməyən yüzlərlə gənc İctimai Televiziyada əmək fəaliyyətinə başladılar. Yeni peşəkar televiziya jurnalistləri yetişdirildi. Bəzi ağzıgöyçəklərin "mühafizəkar" kimi tənqid etdikləri İsmayıl müəllim tamaşaçının görmək istədikləri şəxsiyyətələrə qapı açdı. Müxalifyönümlü politoloqları da İctimai Televiziyaya yaxınlaşdırdı və bununla da milli problemlərə ortaq məxrəc axtardı.

İctimai Televiziyanın tamaşaçıları bazar günləri səhər tezdən xoş "Ovqat"a kökləndilər, müxtəlif fikirli Yurd övladları çərşənbə günlərində "Ortaq məxrəc"ə gəldilər, Yurdumuzun illərlə bir-birinə həsrət qalmış Güneyi ilə Quzeyi "Körpü"də bir-birlərinə qovuşdular, Azərbaycanımızın səsi Ümumtürk "Avaz"ına qoşuldu, "Qərib axşamlar" qəribdəkilərə öz qəribliklərini unutdurdu, çoxsaylı müəllim ordusu "Açıq dərs"lərini keçdilər...

İctimai Televiziyanın ən böyük uğurlarından biri isə Müstəqil Azərbaycanımızın bayrağının Evrovizionda ucalara yüksəldilməsi oldu. Ən mühüm olanı isə o idi ki İctimai Televiziya az bir müddət ərzində Azərbaycanın sözün əsil mənasında ailə kanalına çevrildi.

İsmayıl müəllimlə ilk dəfə mənim də ssenari müəlliflərindən olduğum "Borçalı" filminin nümayişindən sonra bir gün sonra onun iş otağında görüşdük. O, Zəngəzur, Göyçə, Dərbənd, Kərkük və Güney Azərbaycanla da bağlı belə filmlər çəkilməsini istədi. Yəqin ki İsmayıl müəllimin bu istəyi nə vaxtsa təbii ki yerinə yetəcək. O, sadəcə peşəkar jurnalist deyil, həm də İctimai Televiziyanın qurucusu kimi tarixdə qalacaq. Bu bir tarixdir və tarixin təkərini geri fırlatmaq istəyənlərin aqibətləri bu təkərin altında qalıb əzilməkdir.

Hörmətli ziyalımız ömrünün 60-cı ilinə qədəm qoyur. Onun seçdiyi yol Yurdumuzun və dövlətçiliyimizin uğrunda fədakar mübarizə yoludur. İnsanın vicdanla seçdiyi yol, bütün çətinliklərilə yanaşı ruhun bağımsızlığını, dürüstlüyünü qoruyub saxlayır. Halal ömür yolu insana həmişə pak və şanlı ad qazandırır. Bu yolda İsmayıl müəllimə bundan sonrakı fəaliyyətində uğurlar və uzun ömür arzu edirəm.

Kərəm Hətəm oğlu Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru


AzNews.az