Leyla Əliyevadan Qafqaz bəbirləri ilə bağlı təşəbbüs- FOTO

20 Fevral 2014 12:33 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London Zoologiya Cəmiyyətinin eskperti Kris Rensomu qəbul edib.

Ekspertlər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəliblər. U.Breytenmozer və K.Rensom Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.

Arzu Əliyevanın da iştirak etdiyi görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən effektiv yolları müzakirə edilib.

Tanınmış ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən IDEA Resurs Mərkəzinə də baş çəkiblər, beynəlxalq miqyaslı təşkilatın təbiətin mühafizəsi üçün həyata keçirdiyi və planlaşdırdığı mühüm layihələrlə tanış olublar. Onlar həmçinin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri E.Əsgərovla da görüşüblər, dövlət və QHT-lər tərəfindən bu istiqamətdə görülən işlərlə bağlı məlumatlar alıblar.

Xarici mütəxəssislər bir müddət əvvəl monitorinq zamanı Qafqaz bəbirinin müasir "fototələ" qurğusu vasitəsi ilə rəsminin çəkildiyi Hirkan Milli Parkında da olacaqlar. Qeyd edək ki, bu qoruqda rast gəlinən bəbir yarımnövü əvvəllər Şimali Qafqazdan Qırmızı dənizədək və Bosfordan Pakistana qədər uzanan areallarda yaşasa da, sonradan XX əsrdə nəsli əhəmiyyətli dərəcədə tükənib.

AzNews.az