BDU-da aksiya: Xeyli sayda tələbə saxlanıldı- Yenilənir (Fotolar)

20 Fevral 2014 13:48 (UTC+04:00)
Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi aksiyası keçirir.


AzNews.az-ın məlumatına görə, aksiya saat 14.00 radələrində başlayıb. Etiraz edən tələbələr BDU-nun əsas binasının qarşısına toplanıb. Əməkdaşımızın aksiya keçirilən yerdən verdiyi məlumata görə, aksiya iştirakçıları "Girməyin cibimizə, tamah güc gəlib sizə!", "Kəsr üçün pul verməyək!", "Qanunları pozmayın, saxta qanun yazmayın" şüarları səsləndirir.

Aksiyada artıq üç nəfər hüquq mühafizə orqanları tərəfindən həbs olunub. Həlki onlardan yalnız birinin adını müəyyənləşdirmək olub. Həbs olunan şəxsin adının Tamerlan Baxşıyev olduğu deyilir.

Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.(14.00)

***

Polis Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsinin keçirdiyi aksiyanı dağıtmağa çalışır.

AzNews.az-ın hadisə yerindən olan əməkdaşının verdiyi məlumata görə, aksiya yerinə əvvəlcə BDU-nun rektoru Abel Məhərrəmov gəlib.

O, tələbələrə deyib ki, kəsirə görə, tələbələrin pul ödəməsi haqda çıxarılan qərarın müəllifi Universitet deyil: "Bu, Təhsil Nazirliyinin qərarıdır".

Sonra aksiya iştirakçılarından tələb olunub ki, toplaşdığı yerdən dağılsınlar. Lakin tələbələr aksiyanı keçirməkdə israrlı olduqlarını söyləyiblər. Bundan sonra Yasamal rayon Polis İdarəsinin əməkdaşları və BDU-nun mühafizə xidmətinin işçiləri aksiyanı dağıtmağa başlayıblar.

Hazırda BDU-nun bütün giriş və çıxışları bağlanılıb. Tələbələrə ərazidən uzaqlaşmaq tələb olunur.

Aksiyada iştirak edən bir neçə tələbə isə saxlanılaraq, BDİ-nun əsas binasına aparılıb.

BDU-nun ərazisindən uzaqlaşdırılan tələbələr Akademiyanın bağında aksiyanı davam etdirməyə cəhd edirlər.

Qeyd edək ki, saat 14.00-dan başlayaraq, "Girməyin cibimizə, tamah güc gəlib sizə!", "Kəsr üçün pul verməyək!", "Qanunları pozmayın, saxta qanun yazmayın" şüarları ilə aksiya keçirilər. Aksiyanın keçirilməsinə səbəb isə Təhsil Nazirliyinin kəsrə görə, tələbələrin pul ödəməsi ilə bağlı qərarına etiraz etməkdir. (14.24)

***
Bakı Dövlət Universitetinin (BDU) tələbələri aksiyanı Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında davam etdirir.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, polis metrostansiyanın qarşısına toplaşan tələbələri dağıtmağa başlayıb.

Buna etiraz edən tələbələrdən bir neçəsi saxlanılıb.

Aksiya yekunlaşıb.


Amid
AzNews.az