Nərimanovda əhalinin tibbi müayinəsinə başlanıldı – Aksiya

20 Fevral 2014 15:18 (UTC+04:00)

Nərimanov rayonunda əhalinin tibbi müayinəsinə prosesinə başlanılıb.

AzNews.az-ın məlumatına görə, prezident İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində bu gün Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər Poliklinikasında rayon əhalisinin tibbi müayinəsi keçirilib.

Vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunub. Bu məqsədlə aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova AzNews.az-a deyib ki, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir: "Rayonda yerləşən bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".

İ. Mahmudova qeyd edib ki, Rayon İcra Hakimiyyətinin qarşısında duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov AzNews.az açıqlamasında aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görüldüyünü deyib: "Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir".

Amid
AzNews.az