Azərbaycanla Türkiyə birgə raket istehsalına hazırlaşır

20 Fevral 2014 17:21 (UTC+04:00)
Yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin ROKETSAN şirkəti arasında Azərbaycan müəssisələrinin birində raketlərin istehsalının başlanılmasına dair yekun sənədin imzalanması gözlənilir.

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

Birgə istehsalla bağlı texniki məsələlər həllini tapıb. Artıq istehsal prosesinin başlanılması üçün zəruri tədbirlər görülüb.

SSM-dən yekun sənədin nə zaman imzalanacağı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, razılaşmaya əsasən, Azərbaycandakı müəssisələrdən birində ROKETSAN-ın iştirakı ilə 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı nəzərdə tutulur. Raketlərin mühərriki ROKETSAN, digər hissələri isə Azərbaycan müəssisəsi tərəfindən istehsal ediləcək.

Raketlərin istehsalına dair tərəflər arasında müzakirələr 2008-ci ildən başlanıb.

Hazırda ROKETSAN tərəfindən istehsal olunan 107 mm çaplı raketlərin atış uzaqlığı 11 km-dən, 122 mm çaplı raketlərinki isə 40 km-dən (keçmiş sovet-Rusiya analoqlarından 2 dəfə çox) çoxdur.