Polisə görə ağzını tikən şəxs xəstəxanaya düşdü - VİDEO

21 Fevral 2014 09:14 (UTC+04:00)
Həkimlər də polisə etiraz edən şəxsin ağzının tikişini sökə bilməyib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az –a verilən məlumata görə, 3 uşaq atası, 37 yaşlı Azad Loğmanov bir həftədir ağzını sapla tikib.

Dünən axşam səhhətinin pis olduğunu görən yaxınları Stansiyaya gecə saat 22:06 radələrində müraciət ediblər. Özünə xəsarət yetirən şəxs ağzının tikilmiş, irinləmiş formada Klinik Tibbi Mərkəzin cərrahiyə bölməsinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, Azad Loğmanov ağzının tikişinin açılmasına icazə verməyib. Hazırda Yasamal rayonu 21-ci polis bölməsi məsələni araşdırır.

Qeyd edək ki, cari ilin fevralın 14-də hadisənin təfərrüatları barədə ANS kanalı araşdırıb. Məlum olub ki, Azad Loğmanov bacısının onu döyməsilə bağlı polisin araşdırmasına narazılığı olub. Belə ki, Azad Loğmanov 2007-ci ildən öz sevdiyi ilə ailə qurduğuna görə ailəsi onunla dava-dalaşa başlayıb. Məlum olub ki, bu xanım Loğmanovun ikinci həyat yoldaşı olub. Ailəsilə razılaşa bilməyən qəhrəmanımız əvvəlcə xanımı ilə kirayədə yaşamağa başlayıb. Amma sonradan ata evində haqqının olduğunu düşünüb öz evinə qayıdıb. Lakin bu illər ərzində dəfələrlə evdə bacısı ilə mübahisələri onunu kirayəyə çıxmasına və yenidən evə qayıtması ilə nəticələnib. Nəhayət bu dava-dalaşlara ötən il məhkəmə nöqtə qoyub. Şəki şəhər məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qərara əsasən evin bir otağı və aynəbəndi Azad Loğmanovla verilib. Bundan sonra da dava-dalaş səngiməyib. Və sonuncu mübahisə zamanı ailənin qızı Şamama xanım qardaşının başını yarıb. İş yenə də polisə düşüb. Zərər çəkənin dediyinə görə hətta işin gedişatı zamanı bunlardan rüşvət də istənilib. Polisin A.Loğmanovun hüquqlarını tapdalaması və onlardan rüşvət tələb etməsinə etiraz olaraq, o, ağzını tikib.

ANS-in həmin vaxt hazırladığı süjeti təqdim edirik:


Amid
AzNews.az