Elçibəyin ailəsindən Mütəllibova etiraz

21 Fevral 2014 09:20 (UTC+04:00)
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ailəsi sabiq prezident Ayaz Mütəllibova etiraz edib. AzNews.az-ın məlumatına görə, Ə.Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli A.Mütəllibovun Xocalı soyqırımı ilə bağlı müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb. O, özünün facebook səhifəsində yazıb: "Belə savadsız ve səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirem. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun.

Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsine görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azerbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi".

A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda dediyi fikirlərə də münasibət bildirib: "Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbet şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin təhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər".