Ukraynada iqtisadi böhran: ərzaq və benzin tapılmır (VİDEO)

21 Fevral 2014 09:35 (UTC+04:00)
Ukraynanın paytaxtında və vilayət mərkəzlərində hökumət qüvvələri ilə əleyhdarları arasında baş verən qanlı toqquşmalar ölkənin iqtisadi durumuna də ciddi təsir göstərib.

AzNews.az-ın Ukraynadan aldığı məlumata görə, ölkənin iri yaşayış məntəqələrində, xüsusən də vilayət mərkəzlərində ərzaq çatışmazlığı yaranıb. Buna səbəb isə qarşıdurmalardan ziyan çəkəcəyindən ehtiyatlanan müəssisələrin fəaliyyətinin müvəqqəti dayanmasıdır. Artıq bir çox ərzaq mağazalarında gündəlik tələbat malları yox dərəcəsindədir. Şəhər əhalisi çörək və digər zəruri məhsulları əldə etmək üçün ciddi çətinliklərlə qarşılaşır.

Bundan başqa süni şəkildə hökumət yanacaq təminatını da azaldıb. Nəticədə isə satış məntəqələrində benzin və digər yanacaq məhsulları çatışmazlığı yaranıb. Hətta bəzi yanacaqdoldurma məntəqələri satış olmadığından öz fəaliyyətlərini dayandırıb.
Mövcud hökumət əleyhdarları ehtimal edir ki, ərzaq və yanacaq təminatı ilə bağlı yaranan problem hakimiyyətin etiraz edən xalq kütlələrinə qarşı təzyiq vasitəsidir.

Bundan başqa, etirazçıların bildirdiyinə görə, hakimiyyət süni şəkildə yanacaq çatışmamazlığı yaratmaqla, aksiya iştirakçılarının özünümüdafiə silahı olan "Molotov kokteyli" hazırlamaq imkanlarının qarşısını almaq istəyir.


Məhəmməd
AzNews.az