“Maydan”dan Canlı yayım: “Yanukoviç istefa verməlidir”

21 Fevral 2014 15:03 (UTC+04:00)
Ukraynanın mərkəzi meydanında mitinq yenidən başladı.


AzNews.az-ın məlumatına görə, paytaxt Kiyevin "Müstəqillik" meydanında ("Maydan"da) başalyan mitinqdə iqtidar əleyhinə şüarlar səsləndirilir. Çıxış edənlər Viktor Yanukoviçlə hər hansı danışıqlara getməmək tələbləri irəli sürülür.

Mitinqdə bildirilib ki, Ukraynanın gələcəyi V. Yanukoviçin istefasından sonra müzakirə mövzusu ola bilər:

"Seçkilərin 2014-cü ilin dekabrında növbədənkənar keçirilməsi ilə bağlı Yanukoviçlə heç bir razılıq əldə oluna bilməz. Viktor Yanukoviç tez bir zamanda istefa verməlidir".

Mitinqdə Ukrayna Ali Radasından daha ciddi qərarlar verilməsi tələbi irəli sürülüb.

Hazırda "Maydan"da dinc aksiya davam edir. Hələlik paytaxtda tərəflər arasında hər hansı qarşıdurma yoxdur. "Maydan"da hadisələr zamanı həlak olanların ruhuna dualar oxunur.

Hazırda analoji dinc aksiyalar ölkənin bütün iri şəhərlərinin mərkəzi meydanlarında keçirilir.

Xatırladaq ki, bu gün Ukrayna prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlamentlə bölüşməklə 2004-cü il konstitusiyasına qayıdışla bağlı təşəbbüs göstərəcəyini elan edib. V.Yanukoviç bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə təşəbbüs göstərəcək.

Qeyd edək ki, Ukraynada baş verən qarşıdurmalarda həlak olanların sayı 80 nəfərə, xəsarət alanların isə 600-ə çatıb.



AzNews.az