Tələbəni döyən təşkilat sədri danışdı

21 Fevral 2014 18:00 (UTC+04:00)
"Mənim tələbəyə qarşı istənilən basqıya münasibətim mənfidir. Amma gəlin hər birimiz qarşımızdakına da özümüz qədər hörmət qoymağa çalışaq. Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər".


Bu sözləri Lent.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov deyib. O, bu gün BDU-da çəkilmiş və bir tələbənin döyüldüyü görülən videogörüntüdə özünün də iştirakı ilə bağlı münasibət bildirib.

D.Qənbərov deyib ki, videoda görünən tələbə hesab edir ki, kimi istəsə təhqir edə bilər: "Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər. O, universitetin əməkdaşlarını idmançı olmağı ilə hədələyib, onları dava etməyə dəvət edirdi. Biz isə təmkin nümayiş etdirib, onu otağa dəvət etdik. O, isə öz iç üzünü açıb göstərdi. Şou yaratdı. Mühafiz xidməti əməkdaşına xəsarət yetirdi".

BDU rəsmisi hesab edir ki, hüquq-mühafizə orqanları bu məsələ hərtərəfli və ciddi araşdırmalıdır.

Qeyd edək ki, bu gün BDU-nun rektoru Abel Məhərrəmov universitetin narazı tələbələri ilə görüş keçirib. Görüşdən sonra sözügedən qalmaqal baş verib.