Azərbaycan Dillər Universitetinin prorektoru vəfat etdi

22 Fevral 2014 09:28 (UTC+04:00)
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər dünyasını dünyasını dəyişib.

Bu barədə Modern.az saytına Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.

Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.

İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib.

1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə "İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990-2009-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib.

2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini tutub.

45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir.

1998-ci ildən indiyədək həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin Leksikologiyası kafedrasında pofessor idi.

Üç övladı var.

AzNews.az