Yanukoviç: “Ukraynanı tərk etmək və istefa vermək fikrim yoxdur”

22 Fevral 2014 18:12 (UTC+04:00)
Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə o, "112 Ukraina" telekanalına müsahibəsində bildirib.

Həyəcanlı vəziyyətdə olduğu hiss olunan V.Yanukoviç ölkənin qanuni prezidenti olduğunu vurğulayıb: "Dünən Kiyevdə avtomobilim atəşə tutulsa da, istefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər".

Ukrayna müxalifətini "banditlər", "faşistlər" və "quldurlar" adlandıran prezident onlarla heç bir danışığa getməyəcəyini və heç bir sənədi imzalamayacağını söyləyib.

Yanukoviç onu dəstəkləyən cənub-şərq regionlarını və Krımı təmsil edən deputatların Xarkovda keçirdiyi xalq qurultayına qatılmaq istədiyini, lakin vaxt məhdudiyyəti üzündən buna vaxt tapmadığını deyib: "Çünki mən hər an kimlərləsə əlaqə saxlayıram. Mənə yaxın olan şəxsləri qorumaqla məşğulam. Cənub-şərq regionlarına səyahət etmək və seçicilərlə görüşmək niyyətindəyəm".

Ali Radanın sədri Vladimir Rıbakın istefasına toxunan prezident onun müxalifət tərəfdarları tərəfindən döyüldüyünü bildirib: "O, dünən mənim yanıma gələndə avtomobili atəşə tutuldu. Yanıma gəlib xahiş etdi ki, Prezident Administrasiyasının rəhbəri Klyuev kimi onu da özümlə aparım. İndi də Konstitusiya Məhkəməsinin hakimlərini qorxudurlar".


AzNews.az