Fahişələrin həyat hekayələri – Pritonlardan REPORTAJ

23 Fevral 2014 08:00 (UTC+04:00)
Türkiyəli jurnalist Ümran Avcı fahişəxanalarda işləyən qadınlarla bağlı reportaj hazırlayıb.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, o, Türkiyənin Kastoma şəhərində fəaliyyət göstərən əxlaqsızlıq yuvasına gedərək, oradakı qadınlarla görüşüb. Cəmiyyət tərəfindən yaxşı qarşılanmayan bu qadınların dərdlərini dinləyən jurnalist, daha sonra onların yaşadıqları həyat hekayələrini oxucuları ilə bölüşüb.

Jurnalist əxlaqsızlıq yuvasından hazırladığı reportajda ilk olaraq fahişəxananın yerləşdiyi ərazini təsvir edib. Təhlükəsizlik işçiləri ilə əhatə olunan 50 otaqlı 6 evin daxilində baş verənləri qələmə alan jurnalist, orada işləyən qadınlarla dialoq aparıb.

Ümran Avcının ilk söhbətləşdiyi qadının 35 yaşı var. Harika adlı bu xanım, Türkiyənin Aralıq Dənizi Universitetinin mühəndislik fakültəsinin məzunudur. Uzun illər yollarda gəzərək, özünə müştəri tapan Harika daha sonra müvafiq dövlət qurumlarına müraciət edərək, özünə fahişəliklə legal məşğul olmaq üçün vəsiqə alıb.

Başqa bir otaqda isə jurnalist 51 yaşlı Günəşlə söhbətləşib. Atası öldükdən sonra anası Günəşi imkanlı bir ailəyə övladlığa verib, özü isə başqa biri ilə evlənib. Günəş isə, ailə sevgisindən uzaqda, ögey qız münasibəti ilə böyüyüb. O, yaşadığı həyatdan "xilas olmaq" üçün ailə həyatı qurub. Ancaq, bu xoşbəxtlik də çox uzun sürməyib. Günəşin evliliyi 6 ay davam edib. Boşandıqdan sonra, bir müddət fahişəliklə məşğul olan gənc qadın, sonradan boşandığı əri ilə barışıb.

10 illik ailə həyatından qazandığı isə oğlunun doğulması olub. Günəş ikinci dəfə ərindən ayrılıb və yenidən əxlaqsızlıqla məşğul olmağa başlayıb. O, oğlunu fahişəlik edərək böyüdüb, universitet tələbəsi edib. Həyatında heç nəyin yolunda getməsinə baxmayaraq, gənc qadın 3 aylıq bir qızla özünün fiziki qüsurlu anasının maddi ehtiyaclarını ödəyir, onlara qayğı göstərir. Artıq balaca qız da böyüyüb, universitetə hazırlaşır.

Oğlu Günəşin harada işləməsindən xəbərdar olsa da, bunu büruzə vermir. Ögey qızı isə analığının harada işlədiyini bilir. "Niyə heç bizim məktəbə gəlmirsən"- deyə, soruşan qızlığına Günəş, bir gün hər şeyi ona başa salıb və bildirib: "Çünki məni tanıya bilərlər və onlar sonra sənə başqa gözlə baxar".

Jurnalistlə söhbətində Günəş fahişəxana həyatını belə izah edir: "İstəmədiyin biriylə birlikdə olmaq çox çətindir. Təsəvvür edin, qarşı tərəfdən diksinirsiniz, amma əks reaksiya verə bilmirsiniz. Çünki bu sizin işinizdir, məcbursunuz onu qəbullamağa. Bu hissləri yaşamaq çox çətindir. Biz bu işi görərkən rola giririk. Əgər müştərilərimiz bizdən məmnun qalmazsa, bizi başqalarına pisləyər, beləliklə də çörəyimizdən olarıq".

Türkiyəli jurnalistin "Heç müştərinizə aşiq oldunuzmu" sualına Günəş "Mən buna yalnız iş olaraq yanaşıram, hisslərimi büruzə vermirəm. Amma bu şəkildə sevib, evlənən tanışlarım çox olub" cavabını verib.

Xəyal Məmmədov
AzNews.az