Bakıda ikisi polis olmaqla 4 nəfər güllələndi - Təfərrüat

23 Fevral 2014 20:44 (UTC+04:00)
Bu gün axşam saatlarında Sabunçu rayonunda baş verən atışmanın təfərrüatları məlum olub.

AzNews.az-a daxil olan məlumata görə, atışma Sabunçu rayonundakı 68 saylı orta məktəbin stadionunda, sakinlər arasında baş verib. Gülağa adlı şəxs ov tüfəngi ilə 4 nəfəri güllələyib. Güllənənlər arasında Suraxanı Rayonu Polis Şöbəsinin əməliyyat üzrə müavini Akif Nəzərov və oğlu Asif ağır yaralanıb. Əldə etdiyimiz məlumata görə, Asif Nəzərov Sabunçu Rayonu Polis Şöbəsinin əməkdaşıdır.

Nəticədə 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. F.Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.
Bundan başqa, 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov da güllə yarası alıb. Yaralılar 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Fərid Qədirov keçinib.

Əldə etdiyimiz məlumata görə, hadisə Gülağanın stadionda obyekt tikmək istəməsi qonşularının isə buna etiraz etməsi ilə bağlı olub. Qonşular arasında bir neçə dəfə mübahisə düşüb. Sonda isə Gülağa ona mane olmağa çalışan qonşularını cəzalandırmaq üçün silaha əl atıb.

Qeyd edək ki, atışma barədə ilk məlumatı "Qafqazinfo" yaymışdı.

İlqar
AzNews.az