Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə

24 Fevral 2014 14:24 (UTC+04:00)
Pakistanda və xarici ölkələrdə yaşayan Pakistan icmaları arasında böyük nüfuza malik olan ingilis dilli "Daily Times", həmçinin urdu dilli "Daily Pardez" qəzetlərində və "Pakistan in the World" informasiya agentliyində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun "Xocalı soyqırımı. Dünya ölkələri Pakistandan örnək götürməlidirlər" adlı məqaləsi dərc olunub.

Trend-in Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları irəli sürdüyü, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin salındığı bildirilib.

Belə ki, müstəqilliyinin ilk günlərini yaşayan Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb, təcavüz nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu işğal olunub, on minlərlə insanın öldürülüb, yaralanıb və ya itkin düşüb.

Münaqişənin hüquqi tərəfinə diqqət cəlb edən səfir işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 və BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, habelə digər müraciətlərə məhəl qoymadığını bildirib.

D.Şikarov məqalədə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qara səhifələrindən olduğunu bildirib, yeddi min əhalisi olan Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanıldığını və fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edildiyini vurğulayıb. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə günahsız mülki insan xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.

Səfir Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və terrorçu M.Melkonyandan sitatlar gətirərək bu kütləvi qırğının ermənilər tərəfindən düşünülmüş və əvvəlcədən hazırlanmış bir soyqrım olduğunu sübuta yetirib.

Məqalədə qeyd olunub ki, 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda törədilmiş qırğını "...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət" adlandırıb.

Daha sonra müəllif 1948-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyası haqqında məlumat verərək Azərbaycan və Ermənistanın imzaladığı bu sənədin "Soyqırım - milli, etnik, irqi və dini qrupların tamamilə və ya qismən məhv edilmək niyyəti ilə həyata keçirilmiş aksiyadir" paraqrafına istinad edib və bu cinayətin məhz soyqırım olduğunu diqqətə çatdırıb.

Yazıda Xocalıda törədilmiş soyqırımın Ermənistanın XX-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı yürütdüyü sistematik və davamlı zorakılıqların tərkib hissəsi olduğu vurğulanıb. İrqi alilik, etnik fərqlilik və azərbaycanlılara qarşı nifaq ideyalarının Ermənistan siyasətinin əsasını təşkil etdiyi açıqlanıb.
Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyasının fəaliyyəti haqqında məlumat verilib.

Vurğulanıb ki, bu kampaniyanın və eyni zamanda Azərbaycan dövləti və geniş ictimaiyyətinin Xocalı həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində apardığı mühüm iş nəticəsində bir neçə dünya ölkəsi, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər.

Pakistan mətbuatında dərc edilmiş məqalə "...Pakistan Senatı 01.02.2012-ci il tarixində Xocalı soyqırımını tanımış, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Senatın 05.10.2013-cü il tarixli qətnaməsində isə Pakistanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi bir daha vurğulanmışdır. Həmçinin 20.02.2014-cü il tarixində də Pakistanın 100-dən çox tanınmış ictimai-siyasi xadimləri Xocalı soyqırımını bir daha yad etmişlər. Biz bu addıma görə Pakistana dərin minnətdarlığımızı bildirməklə yanaşı, bütün dünya ölkələrini Pakistandan örnək götürməyə çağırırıq" - sözləri ilə yekunlaşıb.

AzNews.az