Bakıda daha bir saxta endirim kampaniyası

24 Fevral 2014 16:50 (UTC+04:00)
Bakıda daha bir saxta endirim kampaniyasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, ev 50 ünvanında fiziki şəxs Bala Bağırzadəyə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın pəncərəsində "ENDİRİM 50%" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı və qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Bağırzadə Bala Bahadur oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

AzNews.az