Nazirlikdə Xocalıda şəhid olan polis əməkdaşları anıldı

24 Fevral 2014 16:53 (UTC+04:00)
Öz amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından, soyqırımı aktından bizi 22 il zaman məsafəsi ayırır. Hər il olduğu kimi fevralın 24-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirin əvvəlində mərasim iştirakçılarını daxili işlər nazirinin adından salamlayan nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov soyqırımla bağlı çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri 366-cı motoatıcı alayın şəxsi heyətinin və 40-dan çox ağır texnikasının köməyi ilə mühasirədə olan Xocalını işğal edib.

Bu soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən Ə.Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğalda məqsəd bu torpaqda qədim tariximizə aid çoxlu sayda maddi-mədəni tarixi abidələri, xalqımızın izini yer üzündən silmək olmuşdur. İşğaldan sonra bütün maddi mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.

Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qalıb. İndiyədək 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Azərbaycanın o zamankı fərasətsiz və səriştəsiz iqtidar sahibləri hakimiyyətlərini qoruyub-saxlamaq üçün şəhərin hələ 4 ay əvvəldən mühasirə həlqəsində qaldığı əhalinin yanacaq, ərzaq ehtiyatlarının tükənməsinə, düşmən qarşısında əliyalın qalmasına baxmayaraq, heç bir tədbir görməmiş, soyqırımından sonra faciənin miqyası və dəhşətləri barədə əsl həqiqəti xalqdan gizlətməyə, vəzifə, kürsü davası aparan müxalifət nümayəndələri isə bu hadisələrdən hakimiyyətə yiyələnmək üçün istifadə etməyə cinayətkarcasına cəhd göstəriblər. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə ali hakimiyyətə qayıdışından sonra çağdaş tariximizin ən qanlı olaylarından olan Xocalı faciəsinə əsl siyasi-hüquqi qiymət verilmiş, məhz böyük öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul etmiş, hər il fevralın 26-sının "Xocalı soyqırımı günü" kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə yanaşı, bütün dünya azərbaycanlılarına müraciət qəbul olunub.

1997-ci il fevralın 25-də isə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" sərəncam imzalanıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, Ermənistanın torpaqlarımızı işğal etməsi faktının, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzünün ifşa olunduğunu və dünya ictimai fikrinin Xocalı həqiqətlərini qəbul etməyə başladığını bildirən polis general-leytenantı Əsgər Ələkbərov vurğulayıb ki, artıq bir neçə ölkənin parlamentləri tərəfindən Xocalıda baş verən kütləvi qətliam soyqrımı kimi tanınmış, ABŞ-ın bəzi ştatlarının qanunverici orqanları da analoji addımı atıb.

Nazir müavini Əsgər Ələkbərov nazir, general-polkovnik Ramil Usubovun adından bu qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq edib, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasətin nətisəsində doğma yurd yerlərinə qayıdacaqlarına ümidvar olduqlarını bildirib.

Nazir müavini bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirib, eyni zamanda, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını xatırladaraq xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanan dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb.


AzNews.az