Milli Məclisdə Latviya nümayəndə heyəti ilə görüş keçirilib

24 Fevral 2014 18:15 (UTC+04:00)
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyrsin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Azərbaycan Milli Məclisindən (MM) APA-ya verilən məlumata görə, bu gün MM-də nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu tutub və hazırda bu proses çox uğurla davam etdirilir. O qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

R. Rzayev Cənubi Qafqazın iqtisadi inkişafına böyük təhdid mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, qonaqlara 22 il əvvəl erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı haqqında məlumat verib.

Öz növbəsində Y.Reyrs iki ölkə arasında dostluq münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd edib. İkitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini deyən qonaq bildirib ki, Latviyadakı Azərbaycan diasporu və səfirlik bu sahədə uğurla fəaliyyət göstərir.

Daha sonra Latviya nümayəndə heyəti ilə MM-in Elm və təhsil komitəsində görüş keçirilib.

Görüş zamanı komitə sədri Şəmsəddin Hacıyev elm və təhsillə bağlı qanunvericilik bazasının inkişafından, rəhbərlik etdiyi komitənin fəaliyyətindən və ölkənin təhsil sistemindəki islahatlardan danışıb.

Komitə sədri həmçinin qonaqlara elm, təhsil sahəsində qəbul edilən qanunlar, dövlət proqramları, "Azərbaycan təhsilinin inkişaf strategiyası" barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Latviyanın üzv olduğu beynəlxalq qurumlardakı faydalı əməkdaşlıq, təhsil sahəsində nəzərdə tutulan islahatlar, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb.



AzNews.az