“Sovetski” sakinlərinin 8 bəndlik tələbi

24 Fevral 2014 22:56 (UTC+04:00)
Bakının keçmiş Sovet küçəsinin (indiki Nəriman Nərimanov küçəsi) adı ilə "Sovetski" kimi tanınan məhəllənin sakinlərinin hökumətdən nə tələb etdikləri bilinib.


"Media forum" saytının məlumatına görə, sakinlərin tələbləri 8 bənddən ibarətdir və fevralın 18-də baş nazirin müavini, ərazinin köçürülməsi üzrə komissiyanın sədri Abid Şərifova təqdim olunub. Tələblər ərazidə yaşayan sakinlərin və mülkiyyət sahiblərinin adından hazırlanıb.

Tələbləri təqdim edirik:

1. Söküntü və köçürülmə hərəkətlərini qanuni və zəruri edən səbəbləri təyin edən və tənzimləyən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun olaraq rəsmi sənədlər sakinlərə təqdim edilsin. İcra hakimiyyəti orqanları və əlaqədar təşkilatlar öz hərəkətlərini yalnız dövlət qanunu çərçivəsində qurmalıdırlar. Sakinlərə onların bu qanunla nəzərdə tutulan bütün hüquqları ətraflı izah olunmalıdır.

2. Edilən təkliflər ərazidəki real bazar qiymətlərinə uyğun olaraq 3500-4000 manat olmalıdır. Kiçik mənzillərə və çox ailəli ünvanlara fərqli yanaşma olaraq daha da üstün pul təklif olunmalıdır.

3. Sökülməsi nəzərdə tutulan hər bir ünvanda yaşayan ailələrə fərdi yanaşma olmalıdır və hər bir ailənin mənzillə təmin olunması ön planda olmalıdır. Əvvəl insanlar, sonra ev söküntüsü düşünülməlidir. Dövlətin təməli olan ailələrə xüsusi dövlət qayğısı olmalıdır. Heç bir ailə diqqətdən kənarda qalmamalıdır. Ünvanda yaşayan ailələrin sayı nəzərə alınmalıdır.

4. Ödəniləcək pul kompensasiyası məbləğləri mənzilin istifadəsində olan mövcud tikintilərin ümumi sahəsinə əsasən hesablanmalıdır. Buraya mənzilin qeydiyyatda olan ümumi sahəsi, mövcud, lakin qeydiyyatda olmayan yaşayış və ümumi sahələri, bu mənzilə aid olan, onun divarları altındakı sahələri və istifadədə olan digər sahələri də aiddir.

5. Qanunda nəzərdə tutulduğu kimi, tikintinin və ya evin faktiki sahəsi onun divarlarının tutduğu torpaq sahəsi ilə birlikdə hesablandığına görə bizim sökülən mənzillərimizin və bu mənzilə aid olan tikililərin mövcud ümumi faktiki sahəsi onun xarici perimetrinə görə, yəni divarların tutduğu sahə ilə birlikdə hesablanmalıdır. Söküntü ərazisindəki evlərin əksəriyyətinin sahəsi onun divarlarının tutduğu sahədən daha da kiçikdir. Burada bir çox divarlar 50-70 santimetr və ya bir metrdir. Məsələn, 35 kvadratmetr olan mənzilin perimetri 80 santimetr, divarlar 60 santimetr olsa, divar altındakı sahənin mənzildə tutduğu sahəsi 48 kvadratmetr ola bilər. Əslində bu sahə də bizim mənzilin sahəsidir. Qanuna əsasən, bizə bu sahəyə görə də pul ödənilməlidir.

6. Ödəniləcək pul məbləğinə mənzilin təmir vəziyyəti, mövcud yerləşmə üstünlüyü və digər hallarda itirilmə xərcləri də nəzərə alınmaqla kompensasiya məbləğlərinin digər hissələri kimi əlavə edilsin. Hər mənzilə fərdi yanaşma olmalıdır. Mənzilə qoyulan pul vəsaiti və vətəndaşın şəxsi xərcləri batmamalıdır. Ev sahiblərinin vəsaitinə ədalətli yanaşma tətbiq edilməlidir.

7. Mənzillərin söküntüsü, bütün məsələlər başa çatdıqdan sonra ilk olaraq rəsmi qaydada alğı-satqı müqavilələri bağlanaraq pul kompensasiya hissələri ilə birlikdə tamamilə ödənilməsi və razılaşdırılmış tarixə qədər mənzillər üzrə tam hesablaşmasından sonra həyata keçirilməlidir. Sökmə təklifini edən tərəf öz hərəkətlərini hörmət çərçivəsində tənzimləməli, burada yaşayan və çalışan əhalinin yaşayışına, vəzifəsinə, işinə və gündəlik fəaliyyətinə heç bir fiziki, maddi və mənəvi təsir göstərməməklə sökmə işlərini danışılmış vaxtda həyata keçirməlidir.

8. Köçürülmə hərəkətlərini tənzimləyən torpaqların dövlət ehtiyacları üçün alınması qanununun müvafiq maddələrinə uyğun olaraq vətəndaşın kompensasiya növünün seçim hüququ olduğu üçün köçürülmə planı və köçürülmə təlimatına əsasən, vətəndaşların istəyi olduğu halda onların bu ərazidə mənzillə təmin olunması tətbiq edilsin. Evlərimizi sökmək istəyənlər bilməlidirlər ki, buranın sakinləri olaraq illərdir bu evlərdə yaşamaq istəyimiz onların məhz Bakıda və məhz mərkəzdə yerləşməsindən irəli gəlir. Ona görə də şəhərin məhz bu ərazisində yaşamaq istəyənlər üçün yaşayış evləri tikilməlidir. Bu seçim hüququnu sakinlərə dövlət qanunu verdiyi üçün ona heç bir şərtsiz əməl olunmalıdır.

Söküntünü təklif edən tərəf statusundan, hakimiyyətdəki məqamından, imkanlarından, gücündən asılı olmayaraq qarşı tərəfə, yəni söküntü ərazisinin sakinlərinə qarşı heç bir güc və təzyiq tətbiq etməyərək öz hərəkətlərini dövlətimizin qanunları daxilində icra etməlidir. Onlar bütün təkliflərini dövlətin dəstəkləri və real bazar münasibətləri daxilində qurmalıdırlar.

Hökumət hazırda bu tələbləri araşdırır. Baş nazirin müavini, ərazinin köçürülməsi üzrə komissiyanın sədri Abid Şərifov marın 3-də "Sovetski" sakinləri ilə görüşəcək və tələblərə cavabları açıqlayacaq.


AzNews.az