WhatsApp-da azərbaycanlı istifadəçilərin sayı nə qədərdir?

25 Fevral 2014 09:20 (UTC+04:00)
Facebook-un rəhbəri Mark Zukerberq: "WhatsApp" müstəqil olaraq və öz adı altında fəaliyyətini davam etdirəcək"

AzNews.az musavat.com-a istinadən bildirir ki, bir neçə gün öncə məşhur sosial şəbəkələrdən olan Facebook "WhatsApp" mobil messencerini aldığını elan etdi. 16 milyard dollara alınan "WhatsApp" bir gün içərisində problemlərlə üzləşdi. Yenilənmə ilə bağlı messencerdə yaranan problemi isə istifadəçilər birmənalı qarşılamadılar.

Şirkətdən verilən məlumata görə, müqavilənin müddəti başa çatdıqdan sonra 4 il müddətində 3 milyard dollar məbləğində aksiyaların "WhatsApp" yaradıcılarına və əməkdaşlarına verilməsi nəzərdə tutulur. Facebookun rəhbəri Mark Zukerberq deyib ki, bu sövdələşməyə baxmayaraq, "WhatsApp" müstəqil olaraq və öz adı altında fəaliyyətini davam etdirəcək, onun komandasında hər hansı dəyişiklik olmayacaq. "Növbəti illərdə biz "WhatsApp"ın genişləndirilməsi və bütün dünya üzrə istifadəçilərin bu messencerə qoşulması üçün birlikdə səylərimizi davam etdirəcəyik", - deyə o, bildirib.

Qeyd edək ki, hər ay 450 milyon insan "WhatsApp" mobil messencerindən istifadə edir. Facebookun özünün də "Facebook Mesenger" adlı mesaj yollama xidməti var. Lakin o, "WhatsApp" mobil messenceri ilə müqayisədə nisbətən geri qalır. Görünür, bu yolla facebook bu çatışmazlığı aradan qaldırmağa çalışır. Bundan başqa, facebook bu addımı ilə "WhatsApp" mobil messencerinin, xüsusilə populyar olduğu Afrika və Asiyada liderliyi ələ almağa çalışır.

Facebook "WhatsApp"la bağlı bəzi məlumatları da açıqlayıb. Belə ki, messencerin köməyi ilə hər gün 27 milyard mesaj göndərilir. İstifadəçilərin dəqiq sayı bilinməsə də, Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə, "WhatsApp"dan 100 milyondan çox insan istifadə edir. "Apple" əlavələrinin mağazasında proqram 121 ölkədə (Çindən, Cənubi Koreyadan və Yaponiyadan başqa ən böyüklər daxil olmaqla) ən məşhur pullu əlavədir. Noyabrın başlanğıcına "Google Play" mağazasının məlumatına görə, proqram "Android" əməliyyat sistemi ilə işləyən telefonlara 100 milyondan çox yüklənilib.

Azərbaycanda isə 300 mindən artıq istifadəçinin əlavə imkan qazanması təxmin edilir. Çünki ölkə ərazisində sürətlə inkişaf edən mesajlaşma xidməti məhz "WhatsApp"dır.

AzNews.az