Ukrayna milisinin fəaliyyəti araşdırılır – Əmr

25 Fevral 2014 09:12 (UTC+04:00)
Ukraynada "Maydan" hadisələri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinin araşdırılmasına başlanıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumatına görə, Ukrayna daxili işlər naziri "Maydan" hadisələri zamanı tabeliyində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinin araşdırılması üçün xidməti təhqiqata başlanması ilə bağlı əmr verib.

Əmirə əsasən, adıçəkilən aksiyaların qarşısının alınmasında DİN əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə və vətəndaşlara qarşı qəddar davranış halları araşdırılacaq. Xidməti təhqiqat DİN-nin 29 yüksək rütbəli əməkdaşının daxil olduğu xüsusi komissiya tərəfindən aparılacaq.

Komissiyaya sədrliyi isə daxili işlər naziri Arsen Avakov edəcək. Məlumatda o da qeyd olunub ki, yeni nazirin başqa əmri ilə Kiyev Şəhər Baş Milis İdarəsinin rəisi Valeriy Koryak işdən azad edilərək, onun yerinə Yuriy Moroz təyin olunub. Həmçinin, DİN-in daxili təhlükəsizlik, ictimai təhlükəsizlik, o cümlədən Dneprepetrovsk və Zakarpatsk vilayətlərinin daxili işlər orqanlarının baş idarələrinin rəisləri də işlərindən azad edilib.

Məhəmməd
AzNews.az