Ramiz Əzizbəyliyə görə Prezidentə müraciət edildi

25 Fevral 2014 10:29 (UTC+04:00)
"Ramiz Əzizbəyli 30 il millətə, onun mədəniyyətinə xidmət edib. Belə insanlara bu cür münasibət qəbulolunmazdır".

Bunu AzNews.az-a açıqlamasında kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirib.


Rejissor deyib ki, Ramiz Əzizbəyli ilə uzun illər tərəfmüqabili olub və aktyor kimi onun filmlərində rol alıb:

"O, yaddaqalan və böyük rollar oynayıb. Bu insan millətin mənəvi sərvətidir. Mənəvi sərvət isə millətin düşünən beyni və aparıcı qüvvəsidir. Tarixdə də millətə xidmət edən insanlar qalacaq".

Ə. Mahmudbəyov bildirib ki, bəzi xarici ölkələrdə Ramiz Əzizbəyli səviyyəsində olan sənət adamları zəngin həyat tərzi keçirirlər. Hətta belə aktyorların özlərinə xidmət edən həkim briqadası da var.

Rejissor sənət yoldaşının müalicəsi üçün dövləti dəstək olmağa çağırıb: "Hazırda Ramiz Əzizbəyli xəstəxananın reanimasiya şöbəsindədir. Mən sizin media qurumu vasitəsilə prezidentə səslənirəm: "Sizdən xahiş edirəm, Ramiz Əzizbəyli kimi ziyalılara dayaq olun"".

Bahar Rüstəmli
AzNews.az