“İndi Səfər Əbiyevi əzmək nə dərəcədə düzgündür?” - Eldar Sabiroğlu

25 Fevral 2014 14:24 (UTC+04:00)
"Keçmiş müdafiə nazirinin həbsi ilə bağlı sualları eşidəndə həqiqətən pis oluram. Biz qanun və nizamnamə çərçivəsində fəaliyyət göstərmişik. Bəzi media orqanları isə qaşınmayan yerdən qan çıxardırlar".




Bunu AzNews.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu deyib. Müdafiə naziri Səfər Əbiyevin həbs olunması ehtimallarına dair bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirən E. Sabiroğlu jurnalistlərin bu səpkili suallarla ona müraciət etməsinə də etirazını bildirib: "Səfər Əbiyevin vəkili deyiləm ki, hər bu cür məlumat meydana çıxdıqda məndən bu barədə soruşurlar. Jurnalistlərdən xahiş edirəm ki, bu məslə ilə bağlı məni bir daha yormasınlar".

Buna baxmayaraq, polkovnik sabiq nazir barədə yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür xəbərlərin heç bir əsası yoxdur və şayiədir: "Belə xəbərləri kimlərinsə sifarişi ilə dövriyyəyə buraxıblar. Təxribat xarakterli yazılarla suyu bulandırmağa cəhd edilir. Səfər Əbiyev Heydər Əliyev siyasətini dəstəkləyən şəxslərdən biridir. Bu gündə o həmin siyasətin müdafiəçisidir və Ali Baş komandan, ölkə başçısı İlham Əliyevin siyasətini müdafiə edir. Səfər Əbiyev Heydər Əliyev və İlham Əliyev tərəfindən orduya rəhbər təyin edilib. Səfər Əbiyevə böyük etimad göstərilib və 19 il nazir vəzifəsində işlədikdən sonra işdən azad edilib. Burada böhranlı nə isə axtarmaq lazım deyil. Vəzifə də əbədi deyil".

Sabiq xidmət rəisi qeyd edib ki, KİV-ləri daim izləyir və S. Əbiyevə qarşı xəbərləri təəssüflə oxuyur: "Biraz da insaf yaxşı şeydir. Bəzi KİV-lər Səfər Əbiyevin nazir vəzifəsindən azad edilməsindən cəlbedici bir şey düzəltmək istəyirlər. Hiss edirəm ki, məni də bura cəlb etməyə cəhd edirlər. Məni belə prosesə qoşmağa çalışmasınlar. Bu, mümkün olan deyil. Məndə nə əqidə, nə də dost dönüklüyü var.

Mən heç vaxt özümü Səfər Əbiyevin adamı saymamışam, hər zaman ulu öndər Heydər Əliyevin adamı bilmişəm. Satqın, dönük adam bu gün birini satırsa, sabah digərini satacaq. Bu da mənim təbiətimdə yoxdur".

E. Sabiroğlu deyib ki, keçmiş nazirin fəaliyyətində elə bir problem olmayıb: "Ola bilər ki, işlədiyi müddətdə müəyyən səhvləri olsun. Ümumiyyətlə, səhvsiz adam dünyada yoxdur. Ancaq strateji mənada o həmişə hakimiyyətin dəsti-xəttini qoruyub və bunu da nümunə kimi çoxlarına göstərə bilərəm. İndi Səfər Əbiyevi əzmək nə dərəcədə düzgündür? Kim vəzifədə necə işləyib, nəyə xidmət edib hər şeyi dövlətin orqanları bilir. Prezident İlham Əliyevin də hər hansı bir qərarı sözsüz yerinə yetirilir və buna hörmətlə yanaşmaq hər birimizin borcudur".

Amid Əyyuboğlu
AzNews.az