Xocalı şəhidləri anıldı: Kür çayı qərənfillərə büründü

26 Fevral 2014 11:27 (UTC+04:00)

Mingəçevirdə gənclər Xocalı şəhidlərini özünəməxsus şəkildə yad ediblər.

AzNews.az-ın məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin təşəbbüsü ilə Xocalı faciəsinin 22-ci ildönümü Kür çayının sahilində maraqlı "flash-mob"la qeyd olunub.
Yüzlərlə gənc Kür çayının Mingəçevir şəhərindən keçən hissəsindəki avtomobil körpüsünə gələrək, torpaqlarımızın müdafiəsində canını qurban verən insanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra əllərində olan qərənfilləri çaya buraxıblar.

Mərkəzin regional ofisinin rəhbəri Tural Kərimov bildirib ki, bu aksiyanın keçirilməsində məqsəd Xocalıda baş verən hadisələrin region gəncləri tərəfindən heç zaman unudulmadığını və bu qanlı cinayətin onların həyatında silinməz səhifə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Aksiyada Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, "İşıqlı Gələcək" İctimai Birliyi və digər yerli gənclər klubları da yaxından iştirak edib.

AzNews.az