Bağışla, Hocam, bağışla...

26 Fevral 2014 14:03 (UTC+04:00)
Özümü çox günahkar hiss edirəm. Mən sən görən adam deyiləm. Mənim ritmim də dəyişib, görkəmim də. Ritm dəyişəndə rəqs də dəyişər.

Artıq nə mən, nə dünya sən gördüyün kimi oynamır. Bizim havamızı dəyişiblər, Xocam. Avrovizyon ritmindən tutmuş, Suriya ritminə qədər hər cür ritm var indi bizdə... Dünya sənə tərəf baxmır, dünya səni göstərən barmağa tərəf baxır. Mənim barmağım elə də uzun deyil, Xocam. Mənim barmağımın üstə Miniski deyilən kir var indi. Baxan-baxan bu barmağın hədəsindən nəinki qorxmur, hətta lağ edib gülür, Xocam.

Sən bizim sülhümüzə də çox inanma. Döyüşü bilməyən sülhü də bilməz. Səni tari-mar edənlər sənlə döyüşmüşlərmi ki, indi də sülh etsinlər. Xainin sülhü yeni fürsət tapana qədər olar. Səni tari-mar edənlərin gorbagor atalarından biri "Oğurluqla varlanmaq olsaydı, siçan hamıdan dövlətli olardı" deyib. Gorbagorun sözünü ciddiyə alıb, bu oğrular da. Səni, Kəlbəcəri, Şuşanı, onu, bunu, oğurlayıb varlı olublar. Bu siçanların bir şeydə bəxti gətirib ki, pişiklər belə onlara day-daylıq edir.

Qalibiyyətimizi əvvəl əkib, sonra biçməliyik, Xocam. Biz bu əkini özümüzdə aparsaydıq, nə var idi ki. Buna görə ən azından nökərlik edib "haqqı bərqərar edən" ölkələrin torpaqlarını şumlamalıyıq. Lap əvvəldəki kimi. Qız almaq istəyən kasıb oğlan padşahın əmrini yerinə yetirməli imiş. 40 gün 40 gecə yol gedib hansısa divi öldürüb, qızıl almanı şaha gətirməliymiş ki, şah da bunun müqabilində qızını ona versin. Mənim işim o kasıb oğlanların işindən daha da ağırdır, Xocam. İndi dünyada bir yox, bir neçə padşah var. Mənim işim 40 günlük iş deyil yəni.

O padşahların sayını 40-a vura-vura edirəm. Nə padşahlar bitir, nə də günlər... Amma sən ümidini üzümə. Hələ bizim sarı, qara, ağ, boz, qırmızı, mavi qızılımız kalandı. Hələ qaz gələcək yerdən toyuq əsirgəməyəcək padşahlar da var. Sən mənim haqqım olsan da Xocam, səni mənə qaytarmağın min bir şərti var indi. Hətta sənin darmadağın olmuş cəmahətinin ölümünə bir ad verilməsi belə məndən qaz çıxardacaq. Bunu dəqiq bilirəm. Qazımın çıxmağından da qorxma. Allah bizə o sarıdan bolluq verib...

Ordumuz da, qılınc çalmağı bacaran oğlanlarımız da var indi, Xocam. Amma bu gün bizə qılınc çalmağı öyrənməkdən çox söz söyləməyi öyrənmək lazımdı. İndi hərə öz ölüsünə ağlayır, Xocam. Mənim istəyim - heç sənə ağlayan yad göz tapmaq da deyil. Amma sənin ağlamalı olduğunu bu dünyaya başa salmaq gərəkdir. Buna görə də söz deməyi öyrənmək lazımdı. Sözümüzü deyərkən isə hərdən bir barmaq yelləməyimiz də olmalıdır, Xocam. Barmağımız yellənərkən isə üstündə kir yox, qızıl üzük olmalıdır artıq. Bağışla məni, Xocam. Bağışla ki sənin yolunda özüm ölmürəm.

Az yaşlı oğlumu böyüdürəm sənin yolunda ölməyə. Sən böyüklüyünü et, Xocam! Bağışla ki, heç olmasa hansı tərəfə getsəm, orda iki günahım olmasın. Bir sənin bağışlamağına ümid edirəm. Bilirəm ki, oğlum heç cür bağışlamayacaq məni. Bu dərdi ona saxladığım üçün...

AzNews.az