Misirdəki səfirliyimiz Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

26 Fevral 2014 14:22 (UTC+04:00)
2014-cü il fevralın 24-də Misirin "Əl-Yaum əs-Sabe" qəzetində "Xocalı soyqırımının 22-ci ildönümü" ilə bağlı Azərbaycan Respublikasının səfirliyinin bəyanatı dərc edilib.

AzNews.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda Xocalı soyqırımı barədə geniş yazılaraq, erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşilik nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 nəfərin əsir və 150 nəfərin isə itkin düşdüyü qeyd olunub.

Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsinin ən qəddar halqası olduğu nəzərə çatdırılaraq, həmin faciənin Azərbaycana qarşı işğal planlarını həyata keçirməyə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi və XXI əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən biri olduğu xüsusilə qeyd edilib, soyqırımın məqsədi, təfsilatları və nəticələri, o cümlədən şahidlərin etirafları öz əksini tapıb.
Bəyanatda bir neçə ölkənin qanunverici orqanı tərəfindən bu soyqırımın tanındığı qeyd edilərək, İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının 2013-cü ilin fevralında Qahirədə keçirilmiş sammitinin yekun bəyanatında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərin artırılması ilə bağlı çağırışın da öz əksini tapdığı vurğulanıb.

Yekunda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusən də Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilib, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanıb.

AzNews.az