Xocalı soyqırımının qurbanları Avstraliyada anıldı

26 Fevral 2014 14:50 (UTC+04:00)
Xocalı soyqırımının 22-ci ildönümü və bu dəhşətli faciənin qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də Avstraliyanın müxtəlif şəhərlərində anılıb.

AzNews.az-ın Azərbaycanın Avstraliyadakı səfirliyinə istinadən verdiyi məlumata əsasən, səfirliyin yaxından dəstəyi ilə 25 fevralda Kanberra, 26 fevralda isə Sidney şəhərində böyük məlumatlandırma-etiraz aksiyası təşkil olunub.

Aksiyada bu soyqırım aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb, şəhər məkəzlərində qurulan xüsusi stendlərdə faciənin necə qəddarlıqla törədilməsi barədə fotoşəkillər təqdim olunub. Bundan başqa, tədbirdə Avstraliyada Xocalı soyqırımının tanınması məqsədi ilə imza toplanılıb. Tədbirdə Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, yerli azərbaycanlı və türk icmasının üzvləri və səfirliyin əməkdaşları, o cümlədən Azərbaycanın Avstraliyadakı baş konsulu Araz Xasıyev iştirak edib. Kanberrada təşkil olunan aksiyada Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov şəxsən iştirak edib.
Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu soyqırımla əlaqədar xüsusi veriliş hazırlayıb.

Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

AzNews.az