BDU həmkarlarının sədri tələbələrin aksiyasından danışdı

26 Fevral 2014 19:31 (UTC+04:00)
Bakı Dövlət Universiteti Müəllimlərin Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya elmləri namizədi, dosent Fikrət Şiriyev "Media forum" saytının suallarını cavablandırıb.


Həmin müsahibəni təqdim edirik:

Fevralın 20-də BDU-nun tələbələri universitetin həyətində etiraz aksiyası keçirmişdilər. Tələbələrin etirazına səbəb Nazirlər Kabinetinin ötən ilin dekabrında qəbul etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"dır. Həmin qaydalara görə, kəsiri, yəni akademik borcu olan tələbə əlavə vəsait ödəməlidir.

- Hazırda universitetdə vəziyyət necədir?

- Elə bir problem yoxdur. Hər şey öz qaydasındadır.

- Fevralın 24-də etirazçı tələbələr 4 tələbdən ibarət bəyanat qəbul ediblər. Onlar akademik borca görə vəsait ödənməsi qaydasının ləğv olunmasını, etirazçı tələbələrə güc tətbiq etmiş Tələbə Həmkarlar İttifaqı nümayəndələrinin və universitet mühafizəçilərinin cəzalandırılmasını, Tələbə Həmkarlar İttifaqının buraxılması və onun tərkibinin yenidən formalaşdırılmasını, bu məqsədlə universitet miqyasında yeni və şəffaf seçki keçirilməsini, etirazlarda iştirakına və ümumiyyətlə ictimai fəaliyyətinə görə tələbələrə, onların valideynlərinə qarşı təzyiqlərə son qoyulmasını tələb edirlər. Sizin bu tələblərə münasibətiniz? Onların yerinə yetirilməsini mümkün sayırsınızmı?

- Akademik borca görə vəsait ödənməsi qaydası Təhsil Nazirliyindən də yüksək olan Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur. Universitetin bu qərarı ləğv etmək səlahiyyəti yoxdur. Biz yalnız həmin qərarı icra edə bilərik. Bir az da konkretləşdirsəm, biz yalnız universitetdaxili qərarları dəyişə bilərik. Ona görə də bu tələblər başqa qurumlar qarşısında qaldırılmalıdır.

Aksiyalar və görüş zamanı tələbələrlə kobud davranan əməkdaşlarımız haqqında müəyyən inzibati tədbirlər görülüb. Bundan sonra da lazımi tədbirlərin görülməsi nəzərdə tutulur.

Tələbə Həmkarlar İttifaqının buraxılması tələbi də düşünülməmiş təklifdir. Bu ittifaq seçkili təşkilatdır, onun üzvləri 3 ildən bir konfrans zalında 600 tələbənin iştirakı ilə seçilir. 17 fakültənin hər birindən namizədlər irəli sürülür. Seçkilər normal şəraitdə, obyektiv və şəffaf keçirilir. Tələbələrin arzuları, istəkləri nəzərə alınır. Bütün heyət də ona əsaslanaraq seçilir.

Rektor Abel Məhərrəmov da son iclasda bildirdi ki, yaxın zamanda narahatlıq yaradan bütün məsələlər Elmi Şurada müzakirəyə çıxarılacaq. Bu istiqamətdə müəyyən islahatlar aparmaq lazımdır. Seçki keçirilməsi Tələbə Həmkarlar İttifaqının işidir. Biz istəsək də onları buraxa bilmərik. Həmkarlar komitəsinin qərarlar toplusu, əsasnaməsi var. Biz o qərarlara əsasən işləyirik. Müəyyən müddət keçməlidir, yerli təşkilatlarda iclaslar olmalıdır, sonda yuxarı təşkilatlara müraciətlər ünvanlanmalıdır.

- Tələbələrə qarşı hansı inzibati tədbirlər görülüb?

- Tələbə və valideynlərə hər hansı təzyiqdən də söhbət gedə bilməz. Aksiyalar zamanı xüsusi fəallıq göstərən tələbələrlə bağlı heç bir inzibati tədbir görülməyib. Aksiyanın ilk günü tələbələrlə söhbət olundu, polis orqanlarına aparılan tələbələr bizim xahişimizlə buraxıldılar. Daha sonra həmin gənclər valideynləri ilə birgə universitetə dəvət olundular, onlarla ümumi söhbət aparıldı. Bunlardan başqa xüsusi bir tədbir görülməyib. Həmin tələbələrin universitetdən qovulmalarından da söhbət gedə bilməz.

Tələblərin irəli sürülməsindən asılı olmayaraq rektor Abel Məhərrəmov bir neçə dəfə rektorluğun müşavirəsini və iclasını keçirib. Müşavirə və iclaslarda tələbələrin xeyrinə qərarlar qəbul edilib. Keçid ballarının 25-dən 17-yə salınması haqqında, mübahisəli və universitetin münaqişə komissiyasında olan 228 yazı işinin nəticələrinin tələbələrin xeyrinə həll olunması barədə rektorluq qərar çıxarıb. Həmçinin aksiya və görüş zamanı universitet əməkdaşlarından vəzifə səlahiyyətlərini aşan şəxslər haqqında cəza tədbirləri görülüb.

- BDU-nun rektoru Abel Məhərrəmov tələbələrlə görüş zamanı aksiyanı xüsusi şəxslərin təşkil etdiyini bildirdi. Sizdə aksiyanı kimlərin təşkil etdiyi ilə bağlı sübut və ya ehtimal varmı?

- Bu suala birmənalı cavab vermək çətindir. Amma hadisələrin həddindən artıq şişirdilməsi bu ehtimalı yaradır. Bizim hesablamamıza görə, Nazirlər Kabinetinin sözügedən qərarı BDU-da oxuyan 20 min tələbədən cəmi 200-nə tətbiq oluna bilərdi. Bu da tələbələrin cəmi 1 faizi deməkdir. Bu qədər tələbəyə təsir edəcək bir hadisənin düzgün şərh olunmaması, problemə çevrilməsi, müxtəlif bəyanatların səsləndirilməsi, tələbələrin kütləvi şəkildə aksiya keçirməsi kimi məsələlər bir az bu işdə kimlərinsə əlinin olması ehtimalını yaradır. Amma biz etirazların təbii şəkildə baş qaldırmış olmasını arzulayırıq. Çox istərdik bu, gənclərin şıltaqlığı və məsələnin düzgün anlaşılmaması ilə bağlı olsun.

Bizi aksiyanı kənar şəxslərin təşkil etmə ehtimalı narahat eləyir. Tələbələrlə söhbətdən sonra məlum oldu ki, əksəriyyəti aksiyaya məsələnin mahiyyətini anlamadan qoşulub. Elə başa düşüblər ki, qərarın qəbulundan sonra bütün imtahanları pulla verəcəklər. Əslində isə bu qərar normadan artıq kredit götürən tələbələrə aiddir. Fevralın 21-də keçirilən görüşdə Abel müəllim məsələnin mahiyyətini tələbələrə başa saldı, tələbələr də bunu anlayışla qarşıladılar. Təhsil Nazirliyinə ünvanlanmış suallara da ətraflı cavablar verildi. Tələbələrə izah olundu ki, yalnız əlavə kredit götürən şəxs pul ödəməlidir. Belə götürsək, qərar əslində tələbələrin xeyrinədir. Məsələn, tələbə akademik borca görə universitetdən xaric oluna bilməz.

- Qərarın qəbulundan sonra vəziyyətin bu həddə çatmaması üçün əvvəlcədən tələbələrlə görüş keçirmək olmazdımı?

- Vəziyyətin gərginləşməsinə əsas səbəb zaman problemi oldu. Qərarın qəbulu imtahan sessiyası ərəfəsinə düşdü. Tələbələr yanvarın 1-dən 31-nə kimi imtahan sessiyasında, fevralın 1-dən 17-nə kimi də qış tətilində oldular. Ötən il dekabrın 24-dən bu il fevralın 17-dək olan müddət ərzində biz onlarla görüşə bilmədik. Problem də burdan yarandı. Məsələ sosial şəbəkələrdə müzakirə olunmaqla şişirdildi. Tələbələr də məsələnin mahiyyətini düzgün anlamadan aksiyaya qoşuldular. Rektor Abel Məhərrəmov dərslər başlayan gün – fevralın 17-də humanitar fakültələrin, 18-də isə təbiət fakültələrinin tələbələri ilə görüşmüşdü. Məsələni onlara ətraflı başa salmışdı. 20 min tələbəmiz var, amma zalımız 600 nəfər tutur. Məsələnin 50 gün ərzində sosial şəbəkələrdə geniş vüsət alması ilə bizim görüşlərdə apardığımız izahat işinin miqyası arasında böyük fərq var idi və bu, tələbələrlə anlaşmaqda çətinlik yaratdı. Nəticədə onlar fevralın 19-da qərara aldılar ki, növbəti gün universitetin qarşısında aksiya keçirsinlər. Fevralın 20-də isə Qazaxıstan parlamentinin spikeri BDU-nun qonağı idi, ona görə tələbələrlə görüş ayın 21-nə saxlanıldı.

Fevralın 21-də rektor Abel Məhərrəmov və rəhbərliyin digər nümayəndələri, həmçinin Təhsil Nazirliyinin nümayəndələri tələbələrlə yenidən görüşdü. Görüşə gələn hər kəsə məsələnin mahiyyəti izah olundu. Əksəriyyət problemə düzgün yanaşmadığını anladı.

Təəssüf ki, fevralın 21-dən sonra məsələnin istiqaməti tamam dəyişildi. Görüş zamanı bir tələbənin verdiyi təxribat xarakterli sual insident yaratdı və müəyyən narazılıqlara səbəb oldu. Hazırda isə hər şey öz qaydasındadır. Güman edirik ki, "hər şey tələbə üçündür" prinsipi ilə işləyən kollektivimizlə ölkənin ən böyük və nüfuzlu universitetinin tələbələri arasında 100 ilə yaxın olan səmimi münasibətlər hələ uzun illər milli maraqlarımıza xidmət edəcək.



AzNews.az