Xocalı soyqırımı Birləşmiş Ərəb Əmirliklərində də anıldı

26 Fevral 2014 20:29 (UTC+04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Elxan Qəhrəman öz çıxışında tədbir iştirakçılarına Xocalı Soyqırımı haqda ətraflı məlumat vermişdir.

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın birinci xanımı, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edən səfir, bununla yanaşı Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis edildiyini vurğulanıb.

Tədbirdə soyqırım haqqında fotosərgi, tədbirin sonunda isə "Böyük yalanın həqiqətləri" adlı sənədli film nümayiş etdirilib.


AzNews.az