“ABŞ-ın daha bir neçə ştatında Xocalıyla bağlı qətnamə qəbul ediləcək”-Deputat

27 Fevral 2014 09:13 (UTC+04:00)
"ABŞ-ın daha bir neçə ştatında Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul ediləcək".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Faciənin siyasi arenada tanıdılması prosesinin davam etdirildiyini söyləyən A. Mollazadə bildirib ki, yaxın müddətdə ABŞ-ın bir neçə ştatının parlamentində Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edilməsinə nail olacağıq: "Hələlik bu ştatların adlarını açıqlaya bilmirəm. Çünki, bu bizim işimizə mənfi təsir göstərə bilər. Yəni erməni diasporu niyyətimizin həyata keçməsinin qarşısını almağa cəhd edər. Bu səbəbdən də hələlik sözü gedən ştatların adlarını gizli saxlamağı məqsədəuyğun hesab edirik".

Deputat bildirib ki, bu günədək ABŞ-ın 20-yə yaxın ştatının ali qanunverici orqanında Xocalı faciəsinə dair qətnamə qəbul edilib. A.Mollazadə faciənin tanıdılması istiqamətində mədəni tədbirlərin miqyasının genişləndirilməsi təklifi ilə də çıxış edib.

Amid Əyyuboğlu
AzNews.az