Türkiyədə “Qazi Qarabağ Azanı” səsləndirildi

27 Fevral 2014 09:33 (UTC+04:00)
Fevralın 26-da, Xocalı soyqırımının anım günü Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan "Hacı Bayram Vəli" məscidində "Qazi Qarabağ azanı"nın təqdimat mərasimi keçirilib.

Təqdimatda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Türkiyə tərəfdən Diyanət İşləri başqanının müavini Hasan Kamil Yılmaz iştirak ediblər. Tədbirə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yüzlərlə yerli dindar qatılıb.

Təqdimat mərasimində çıxış edən G.İsmayılov bildirib ki, bu gün "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə əksər müsəlman ölkələrinin məscidlərində "Qazi Qarabağ azanı" səsləndirilir və tarixi "Hacı Bayram Vəli" məscidindəki təqdimat da həmin tədbirlərdən biridir.

İşğal edilənə qədər Ağdam və Şuşa "Cümə" məscidlərində oxudulmuş "Qazi Qarabağ azanı"nın 20 ildən sonra ilk dəfə 2013-cü ildə dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bərpa olunduğunu önə çəkən G.İsmayılov qeyd edib ki, bu azanın Xocalı soyqırımının anım günündə müsəlman ölkələrinin məscidlərində səsləndirilməsi təşəbbüsünü ilk gündən Diyanət İşləri Başqanlığı dəstəkləyib.

Dövlət Komitəsinin nümayəndəsi bildirib ki, Türkiyədəki məscidlərdə cümə günü Xocalı soyqırımı ilə bağlı xütbə oxunması və "Qazi Qarabağ azanı"nın səsləndirilməsi təkcə qardaşlığımızın və həmrəyliyimizin deyil, həm də haqq və ədalətsevər Anadolu insanının bu dəyərlərə həmişə olduğu kimi, bu gün də sadiq qalmasının və Xocalıya ədalət tələb etməsinin göstəricisidir.

H.K.Yılmaz isə öz növbəsində Xocalı soyqırımı ilə bağlı Diyanət İşləri Başqanlığı tərəfindən həyata keçirilmiş və gələcəkdə planlaşdırılan tədbirlər barədə geniş məlumat verib.

Çıxışlardan sonra "Qazi Qarabağ azanı" səsləndirilib və günorta namazı qılınıb. Qeyd edək ki, təqdimat TRT Avaz telekanalında canlı olaraq yayımlanıb.

AzNews.az