Azərbaycanda əmək kitabçaları ləğv ediləcək

27 Fevral 2014 12:43 (UTC+04:00)
Azərbaycanda yaxın günlərdə elektron müqavilələrin rəsmiləşdirilməsinin e-sisteminin tətbiqinə başlanacaq.

AzNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O, bildirib ki, bununla bağlı artıq bütün lazımi proqram təminatları hazırdır: "Habelə biz hazırda icra hakimiyyəti orqanları ilə razılaşdırma mərhələsində olan müvafiq qaydaların işlənməsini başa çatdırmışıq".

Nazirin sözlərinə görə, bu sistemin tətbiqi ilə Azərbaycanda əmək kitabçaları ləğv ediləcək: "Bu, bütün sivil dünyada hamı tərəfindən qəbul edilmiş praktikadır ki, onun çərçivəsində əmək kitabçalarının yerini elektron bildirişlər tutacaq".

S.Müslümov bildirib ki, işə qəbul və əmək müqavilələrinin hazırlanması zamanı bütün müvafiq informasiya real vaxt rejimində və elektron formada daxil olacaq.


AzNews.az