Tağı Əhmədov: “İşdən çıxarılmağımdan xəbərim yoxdu“

27 Fevral 2014 14:06 (UTC+04:00)
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edib.

O, deyib ki, işdən çıxarılması barədə hər hansı məlumata malik deyil: "Mənə bu haqda heç kim heç nə deməyib. Hazırda işdəyəm, kabinetimdə oturub sizinlə danışıram".

"Sizə işdən çıxarılmağını kim deməlidir" sualına T.Əhmədov belə cavab verib: Bilmirəm, hər halda kimsə deməlidir. Amma hələ bir xəbər yoxdur. Əgər deyirlərsə ki, məni işdən çıxarıblar, demək düzdür".

T.Əhmədov yerinə təyin olunduğu bildirilən Zaur Mirtofiq oğlu Hüseynovu tanımadığını deyib: "Belə bir adam tanımıram, o, metropoliten sistemində çalışmayıb, kimliyindən məlumatsızam".

Xatırladaq ki, bir neçə saat öncə prezident İlham Əliyevin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Tağı Əhmədovun işdən çıxarılması haqda fərmanı yayılıb. Onun yerinə isə Zaur Mirtofiq oğlu Hüseynovun təyin edildiyi bildirilir.

AzNews.az