Piyadanı vuran sürücü niyə tapılmır? – DİN-dən açıqlama

27 Fevral 2014 20:46 (UTC+04:00)
Daxili İşlər Nazirliyi ötən gün Lətafət Novruzovanın şikayəti əsasında hazırlanmış yazıya reaksiya verib.


Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə saytımıza bildirib ki, vətəndaş Lətafət Novruzovanın müraciəti əsasında hazırlanmış ""Mersedes S Class" ərimlə məni piyada zolağında vursa da..." başlıqlı yazıda sözügedən xanımın onu avtomaşınla vuranın kimliyinin bəlli olması, lakin həmin şəxsin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işi "ört-basdır" etməsi barədə iddiaları həqiqətdən uzaqdır: "Qeyd olunduğu kimi, cari il yanvarın 11-də saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində "Hollivud" restoranının yaxınığında naməlum avtomobillə piyada Lətafət Novruzovanın vurularaq sürücünün hadisə yerindən qaçması faktı üzrə Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 263.1. və 264-cü maddələri ilə cinayət işi başlanaraq araşdırma aparılmışdır.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahid ifadəsi alınmış, şübhəli avtomobillərə baxış keçirilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.

Qəzanın əks olunduğu videogörüntülər götürülərək ona baxış keçirilmiş, yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin "Mersedes-S" markalı, metallik rəngli olduğu müəyyən edilmiş, lakin hava qaranlıq və avtomobilin işıqları yanılı vəziyyətdə olduğuna görə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının tanınması hələlik mümkün olmamışdır.

Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir".(Qafqazinfo.az)