Bakı meri şok rəqəmlər açıqladı: “Uşaqların 76 faizi bağçasız qalıb”

27 Fevral 2014 21:49 (UTC+04:00)
"Paytaxtda yeni bağçaların tikilməsi üçün 1.5 hektar boş sahə var". AzNews.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"nın təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, hazırda Bakıda 345 müəssisə tam fəaliyyət göstərir və burada 36 977 uşaq təlim-tərbiyə ilə məşğuldur.

Mer bildirib ki, 2012-ci ildən bu günədək Bakıda dövlət vəsaiti hesabına 174 uşaq bağçası tam təmir olunub və uşaqların ərzaqla təminat məsələsi yüksək səviyyədə həll olunub. Gündəlik bu bağçalarda 4 dəfə yeni bazarından alınma şərti ilə ən yüksək səviyyədə təzə məhsullarla təmin edilir. Bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcək. Bundan başqa bu gün 166 qrup üçün bağçalara uşaqların qəbulu tam azaddır. Maliyyə Nazirliyindən alınan məlumata görə, gələn həftənin sonunadək həmin qrupun ərzaq təminatı üçün ayrılacaq maliyyə vəsaiti müəyyənləşəcək. Burada 2500-ə qədər uşağın yenidən uşaq bağçalarına qəbul edə biləcəyik.

H.Abutalıbov deyib ki, bu gün Bakıda statistik məlumatına görə 157 mindən çox uşaq bağçaya getməsini gözləyir. Daha dəqiq desək, hazırda Bakıda 1-5 yaşınadək uşaqların yalnız və yalınız 23.4 faizi bağçalarda təhsil almaq imkanına malikdir. Qalan 76.6 faizi isə təhsil almaqdan məhrumdur.

Bakı meri hesab edir ki, paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bağçalar daxil olmaqla bütövlükdə dövlət nəzarətində olan bağçaları təmir etmiş olsaq, 402 məktəbəqədər müəssisə uşaqların istifadəsinə verilmiş olacaq. Bundan sonra Bakıda hazırda 6 qruplu 1105, 4 qruplu isə 1503 bağçanın tikilməsinə ehtiyac olacaq.

H.Abutalıbov deyib ki, bağçaların ərazisində qeyri-qanuni tikilər tamamilə ləğv edilib: "Hazırda bağçalarımızda 1-1.5 hektar boş torpaqlarımız var. Burada da yeni bağçalar tikmək mümkündür. Əgər bu ərazilərdə yeni bağçalar tikilərsə, Bakıda 70-75 faizə 1-5 yaşınadək uşaqların təlim-tərbiyəsinin məşğulu üçün məktəbəqədər müəssisələrdə təmini mümkün olacaq. Yerdə qalan 25 faiz uşaqların bağçalarla təmini isə müxtəlif yollarla həll etmək mümkün olacaq".

Amid Əyyuboğlu
AzNews.az