Sevastopol aeroportu da rus hərbçilərinin nəzarətinə keçdi – Yenilənib

28 Fevral 2014 09:58 (UTC+04:00)
Rusiya hərbiçiləri Sevastopolun "Belbek" hava limanını nəzarətə götürdü.

AzNews.az "İnterfaks"a istinadən verdiyi məlumata görə, ötən gün saat 23.00 radələrində Rusiya Silahlı Qüvvələrinə məxsus bölmə aeroportu ələ keçirib. Hava limanına nəzarəti ələ alan rus hərbçilərinin komandiri deyib ki, məqsəd aeroporta edilə biləcək terror hücumunun qarşısını almaqdır.

Ukrayna mediası isə "Belbek" hava limanındakı mənbəyə istinadən verdiyi xəbərdə bildirilir ki, Rusiya mətbuatı dezinformasiya yayır, əslində isə aeroport rus silahlıları tərəfindən ələ keçirilib. (10.13)

***
Rus hərbçiləri tərəfindən nəzarətə götürülən Sevastopol aeroportunda baş verənlərlə bağlı yeni məlumatlar açıqlanıb.

AzNews.az-ın məlumatına görə, Aeroportun rəisi Anatoliy Recenko mediaya açıqlamasında bildirib ki, hava limanını ələ keçirən silahlı birləşmə giriş-çıxışları bağlayıb:

"Aeroportu tutan silahlılar hərbi-səhra geyimindədirlər. Onlar deyir ki, aeroporta provokasiyanın qarşısını almaq üçün gəliblər. Üç zirehli transportyorları var. Sayları haqqında məlumatsızam".

A.Recenko deyib ki, aeroportu zəbt edən silahlıların hansı qrupa aid olduğunu bilmək mümkün deyil: "Özlərini sakit və səbirli aparırlar".

Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə ruslardan ibarət silahlı dəstə Sevastopolun "Belbek" hava limanını nəzarətə götürdü. Ukrayna mediası hava limanındakı mənbəyə istinadən verdiyi xəbərdə bildirilir ki, aeroport rus silahlıları tərəfindən ələ keçirilib.

Məhəmməd
AzNews.az