Arif Hacılıdan Qurban Məmmədova cavab

28 Fevral 2014 10:06 (UTC+04:00)
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öz "Feysbuk" səhifəsində məhbus vəkil Qurban Məmmədovun mediada yer almış bəzi fikirlərinə münasibətini bildirən status yazıb.

A.Hacılı yazır: "İndi həbsdə olan dostumuz Qurban Məmmədov 20 saylı Nərimanov seçki dayrəsində 2005 ci il parlament seçkiləri haqda yazır ki, "... məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova."

Belə nəticənin səbəbini də bir neçə gəncin həmin həyətə gələrək seçiciləri polis bölməsinin rəisinə səs verməyə çağırmaları, buklet paylamaları ilə izah edir.

Əvvəla, görəsən, Qurban bəy gizli seçkilərin nəticələrini bu qədər dəqiqliklə haradan bilir? Ikincisi, Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki, onun YAŞADIĞI həyətin seçiciləri onun müdafiə etdiyi, iki il əvvəl Azərbaycan prezidenti seçilmiş namizədə deyil, bir-iki gəncin bir neçə dəfə bu həyətə gəlməsi ilə polis bölməsi rəisinə səs versin?!

Hörmətli hüquqşünas Müsavat Partiyasına, onun başqanına qarşı təbliğat kampaniyasina o qədər aludə olub ki, o zaman üzvü olduğu "Azadlıq" blokunun 2005 ci il parlament seçkilərinin azad və ədalətli olmaması barədə qərarını, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin konkret olaraq 20 saylı Nərimanov seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması barədə hökmünü nəzərə almadan Adil Əliyevi xalq tərəfindən seçilmiş həqiqi millət vəkili adlandırir".

Xatırladaq ki, hazırda məhbəsdə olan siyasi məhbus Qurban Məmmədov Moderator.az saytında dərc olunmuş məqaləsində aşağıdakı qeydləri edib:

"Mən o vaxt 20 saylı seçki dairəsinin ərazisində yaşayırdım. Seçki məntəqəmiz 5 saylı Xəstəxana ilə üzbəüz, evimizin 50 metrliyində yerləşirdi - 13 saylı məntəqə. Namizədlərin yalnız üçü şanslı hesab edilirdi: İsa Qəmbər, Adil Əliyev və Aslan İsmayılov";

"Aslan İsmayılov fəal kampaniya apararaq müxalif fikirli xeyli adamın səsini aldı və bu əslində İ.Qəmbərin ziyanına oldu. Adil Əliyev isə seçicilərini 5-7 gündən bir "narahat etdi". Mən düzü o vaxt polis işçisi olan bu adamın seçki texnologiyasına heyran qalmışdım. Bir neçəsini də təcrübədən istifadə etmək üçün yaxından izləmişdim. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc-bir qız, bir oğlan nümayəndələri bizim evimizə 5 dəfə gəldilər! I dəfə imza istədilər, II dəfə buklet gətirdilər, III dəfə üstündə Adil Əliyevin şəkli və seçkiyə çağırış olan mayka, idman forması verdilər, IV dəfə seçki gününü xatırlatdılar, V dəfə isə yenə də hansısa şəkillər, broşurlar gətirdilər və seçkiyə 3 gün qalmış gəlib yadımıza salacaqlarını dedilər";

""Azadlıq" blokundan-İ.Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə gələn olmadı. Bu barədə hətta mən o vaxt öz iradımı da bildirmişdim "Azadlıq"ın seçki qərargahına. Nəticə necə oldu? Məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. Kim olursan ol, keçmişdə nə etmisən keçmişdə qalıb, seçici onun görüşünə gəlməməyi özünə təhqir və diqqətsizlik kimi qiymətləndirir və qutuda səni cəzalandırır";

"2010-cu ildə isə A.Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5 ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə çevrildi";

"Açıq etiraf etmək lazımdır ki, Adil Əliyev kimi məhz seçki kampaniyası, seçki texnologiyaları ilə seçici səsi toplayan deputat bu günkü parlamentdə bəlkə də yoxdur". (musavat.com)