Qənirə Paşayevanı Türkiyədə pərt etdilər - Açıqlama

28 Fevral 2014 11:00 (UTC+04:00)
Türkiyənin paytaxtı Ankarada yerləşən Qazi Universitetində Xocalı soyqırımı ilə bağı keçirilən tədbirdə xoşagəlməz hadisə baş verib.

Universitetdən AzNews.az-a verilən məlumata görə, Türkiyənin tanınmış elm adamı Aygün Attar tərəfindən təşkil olunan tədbirdə azərbaycanlı deputat Qənirə Paşayevaya qarşı sayğısızlıq olub.

Belə ki, Q. Paşayeva nitqi zamanı tələbələr ona etiraz ediblər. Çıxılmaz duruma düşən millət vəkilimiz çıxışını yarımçıq kəsməyə məcbur olub.

Q. Paşayevaya belə münasibətə səbəb onun uzun-uzadı danışması olub. Tələbələr onun çıxışını dayandırması üçün yerlərindən yüksək tonla səsləniblər.

AzNews.az-a bununla bağlı açıqlama verən Qənirə Paşayeva isə deyilənlərlə razılaşmadığını söyləyib.

O bildirib ki, tələbələrin etirazı onun çıxışı ilə bağlı olmayıb: "Bu etiraz mədəniyyət dərnəklərinin üzvləri ilə universitet rəhbərliyi arasında daha əvvəl yaşanan münaqişə ilə bağlı idi. Həmin bu məsələyə görə tərəflərin yerli mətbuata açıqlamaları da var".

Q. Paşayeva deyib ki, etiraz onun çıxışdan əvvəl başlanıb: "Bu xoşagəlməz hadisələr tədbir iştirakçılarının çıxışından əvvəl başlayıb. Etirazın nə tədbirlə, nə mənimlə hər hansı bir əlaqəsi yoxdur".

Bahar,
İlqar
AzNews.az