Qəbiristanlıq mollaları xüsusi imtahan verəcək – Yeni qaydalar

28 Fevral 2014 12:44 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mollaların attestasiyadan keçirmə qaydalarına dəyişikliklər edib.

AzNews.az-a bu barədə məlumatı İdarənin fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü, Attestasiya komissiyasının sədri Hacı Mirəziz Seyidzadə bildirib. O deyib ki, ilk öncə komissiyasının üzvlərinin sayı artırılıb:

"Buraya elm adamları, ictimai xadimlər və digər şəxslər daxil edilib. Məqsəd isə mollaların attestasiyası məsələsi daha ciddi aparmaqdır".

Hacı Mirəziz Seyidzadə deyib ki, əsas dəyişiklik qəbiristanlıqda çalışan mollarla bağlıdır. Yeni qaydaya görə, QMİ tərəfindən qəbiristanlıq molları da xüsusi imtahandan keçirilməsi nəzərdə tutulur:

"Hazırda QMİ qəbiristanlıq mollalarına cavabdeh deyil və onlar təmsil etdiyim qurumdan qeydiyyatdan keçməyiblər. O mollaların əksəriyyəti dini təhsilləri yoxdur.

Ona görə də yasini necə oxuyurlar heç özümüzdə anlaya bilmirik. Biz bu məsələni yaxın vaxtlarda həll etmək qərarına gəlmişik. Komissiya tərəfindən onların dini bilikləri yoxlanılacaq və xüsusi icazələr veriləcək. Bundan sonra kənardan gələnlər qəbiristanlıqda yasın oxuya bilməyəcklər".

Amid Əyyuboğlu
AzNews.az