Krımda hökumətin yeni tərkibi formalaşdırılıb

28 Fevral 2014 20:18 (UTC+04:00)
Krımın Ali Soveti muxtar respublikanın Nazirlər Sovetinin yeni tərkibini formalaşdırıb.

Bu barədə jurnalistlərə parlamentin spikeri Vladimir Konstantinov bildirib. "Bu hökumətdə hər bir nazir yalnız maaşla işləyəcək. Kim işləməyəcək, yollarımız ayrılacaq", - deyə Konstantinov bildirib. Amma spiker də, baş nazir Sergey Aksyonov da jurnalistlərə hökumət üzvlərinin adlarını açıqlamayıblar.

Ali Sovet dünən "Rus birliyi" hərəkatının başçısı Sergey Aksyonovu baş nazir təyin edib. Aksyonov isə bildirib ki, ölkənin legitim prezidenti kimi Viktor Yanukoviçi tanıyır və yalnız ona tabe olmaq fikrindədir. Həmçinin Krım parlamenti mayın 25-də muxtariyyətin səlahiyyətlərini genişləndirmək barədə referendum keçirmək niyyətindədir.(ANS)