Rusiya «Berkut»-çulara təcili vətəndaşlıq verməyə başlayıb

28 Fevral 2014 20:22 (UTC+04:00)
Ukraynanın Simferopol şəhərindəki Rusiya konsulluğu keçmiş xüsusi təyinatlı milis dəstəsi "Berkut" döyüşçülərinə Rusiya pasportları verməyə başlayıb.

Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin "Facebook"-dakı səhifəsində bu haqda belə yazılıb: "Baş Konsulluğa tapşırılıb ki, "Berkut" dəstəsinin döyüşçülərinə Rusiya pasportlarının verilməsinə başlanılması ilə bağlı vacib təcili tədbirlər görülsün".

Qeyd edək ki, fevralın 26-da Ukrayna parlamenti bu dəstəni buraxılması haqda qanun qəbul edib. Onlar etiraz aksiyalarının dağıdılmasında və aksiyaçılara qarşı amansız davranmaqda suçlu bilinir. Bununla bağlı araşdırmaya başlanılıb.

Bu qurum 1992-ci ildə Ukrayna SSR Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin ("OMON") bazasında yaradılıb.


AzNews.az