Olimpiya Stadionuna aparan avtomobil yolu tikilir - FOTO

28 Fevral 2014 21:38 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olub.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə bildirib ki, 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunun ərazisində avtomobillər üçün 3 min 100 yerlik park yaradılacaq.

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxtda bir sıra mühüm infrastruktur layihələri də icra edilir. Ölkə başçısı bunlardan biri Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.

İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək . Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcək. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub.

Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir.

Ərazidən gedən altıxətli magistral şose, bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək. Bu da öz növbəsində şəhər yol infrastrukturuna düşən yükü azaltmalıdır.

Ölkə başçısı İlham Əliyev yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə də tanış olub.

Yol boyu körpü, tunel və piyada keçidlərinin də inşası da nəzərdə tutulub.