Səyahətçi-velosipedçisi Ramil Ziyadov Kiyevə gedir - FOTO

1 Mart 2014 22:11 (UTC+04:00)
Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Dnenpropetrovskdan Kiyevə gedir.

R.Ziyadov Trend-ə bildirib: "Dnepropetrovsk şəhərində məni "Dnepropetrovsk Azərbaycanlıları Liqası" İctimai Birliyinin sədri Sərxoş İsmayılov çox yaxşı qarşıladı və biz birgə mətbuat konfransı keçirdik. Fevralın 26-da Xocalı soyqırımına həsr olunmuş aksiyada iştirak etdim. Hazırda Kiyevdən 200 kilometr uzaqdayam".
R.Ziyadov özünün 45 min km-lik yolunun 1600 kilometrini qət edib. Artıq Gürcüstan, Şimali Osetiya, Kabardin-Balkar, Stavropol diyarı, Rostov vilayəti və Ukraynanın şərqi arxada qalıb.
Qeyd edək ki, R.Ziyadov yanvarın 10-da Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşüb.
Xatırladaq ki, R.Ziyadov 2013-cü ildə beş ölkə üzrə velotur həyata keçirib. O, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisini 6 aya qət edib. Təqribən 15 min kilometr qət edən R.Ziyadov belə uzun məsafə keçmiş ilk azərbaycanlı velosipedçi olub. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" devizi altında keçirilmişdi.


AzNews.az