“Sovetski“sakinləri ilə yenidən görüş keçirilə bilər

3 Mart 2014 09:26 (UTC+04:00)
Bakının "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə bu gün martın 3-də yazılı cavab verilməlidir.

"Sovetski"də yaşayan sakinlərə bu gün hansı cavabın veriləcəyini öyrənmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. İcra Hakimiyyətində Sovetskidə söküntü ilə əlaqədar yaradılmış Komissiyanın üzvü Fərid Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, hazırda başçı iclas keçirir: "Hələki yekun qərarın nə olduğunu biz də bilmirik. Yəqin ki, bu gün ya qərar rəsmi açıqlanacaq, yaxud da sakinlərlə görüş keçiriləcək. Amma bu gün məlumat veriləcək. Ola bilsin ki, qərar günortadan sonra açıqlansın".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərdən ibarət təşkilat komitəsinin üzvləri ilə görüş barədə də açıqlama verərkən bildirmişdi ki,komitə üzvlərinin müəyyən xahişi olub və yazılı şəkildə təqdim olunub: "Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq.

Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq".

H.Abutalıov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: "Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq".

AzNews.az